Xəbərlər

Görkəmli naşir, xeyriyyəçi Hacı İsmail Allahverdi vəfat edib

Tanınmış azərbaycanlı naşir, “AVE Print” Nəşriyyat-Poliqrafiya Mərkəzi MMC-nin baş direktoru, xeyriyyəçi Hacı İsmail Balabəy oğlu Allahverdi uzun sürən xəstəlikdən sonra mart ayının 12-də dünyasını dəyişib.

O, 1961-ci il, 1 sentyabr tarixində Dərələyəz mahalının Ələyəz kəndində anadan olub. Elə orta məktəbi də burada bitirib.

Uşaq vaxtlarından elmə, təhsilə olan marağı onu 1978-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Mexaniki Riyaziyyat fakültəsinə daxil olmasına səbəb olub. Universitet illərində fəallığı ilə seçilən İsmail Allahverdi 1983-cü ildə ali təhsilini müvəffəqiyyətlə bitirib. O, bir müddət pedaqoji fəaliyyət göstərib. Sonralar bilgilərini daha da zənginləşdirən İsmail Allahverdi naşirlik sənətinə yiyələnib və bu istiqamətdə fəaliyyətini davam etdirib. Ömrünün son günlərinə qədər naşirlik fəaliyyəti ilə məşğul olan Hacı İsmail bu sahədə ciddi uğurlar əldə etmiş, nəşr etdiyi dəyərli kitablarla Azərbaycanda mütaliə mədəniyyətinin formalaşmasında əvəzedilməz rol oynamışdır.

Bundan başqa Hacı İsmail Allahverdi xeyriyyəçilik əməlləri ilə də tanınıb.

Görkəmli naşir, xeyriyyəçi, mətbuat sahəsində əvəzsiz xidmətləri olmuş İsmail Allahverdinin dəyərli xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin.