ABŞ-ın nüfuzlu ali təhsil ocağı olan Harvard Universitetində baş verən dəhşətli hadisə ölkə miqyasında rezonans doğurub. Belə ki, universitetin Tibb Məktəbinə məxsus morqun keçmiş müdiri Cedric Lodge insan qalıqlarını oğurlayıb satmaqda təqsirli bilinir.
“Füyuzat”ın məlumatına görə, 57 yaşlı Cedric Lodge-un 2018–2023-cü illər ərzində Harvard Tibb Məktəbinin morqunda çalışarkən dəfələrlə meyitlərdən beyin, baş, dəri, sümük və digər qalıqları oğurladığı məlum olub.
İddialara görə, bu bədən hissələri Harvarda elmi tədqiqat və tibbi təhsil məqsədilə könüllü şəkildə bağışlanmış şəxslərə məxsus olub. Lodge həmin hissələri morqda tədris və araşdırma üçün istifadə edildikdən sonra oğurlayaraq satıb.
Federal prokurorluq bildirir ki, Cedric Lodge insan qalıqlarını poçtla müxtəlif alıcılara göndərib və bu qanunsuz fəaliyyətdə həyat yoldaşı Denise Lodge da ona yardım edib.
Həmçinin bildirilib ki, Pensilvaniya ştatında yaşayan bir kişi, üç il ərzində Denise Lodge-a PayPal vasitəsilə ümumilikdə 37 min dollardan çox pul ödəyib. Ödəniş qeydlərində “baş nömrə 7” və “braiiiiiiins” kimi qeydlər yer alıb.
Hadisə ilə bağlı digər detallarda vurğulanır ki, Massaçusets ştatında yaşayan bir qadın Lodge-dan insan dərisi alıb. O, morqa gələrək şəxsən iki ədəd parçalanmış insan üzü də götürüb.
Cedric Lodge artıq günahını etiraf edib və onun barəsində hökm verilməzdən əvvəl ABŞ Probasiya Xidməti tərəfindən əlavə araşdırma aparılacaq. Onun həyat yoldaşı Denise Lodge isə ötən ilin aprel ayında eyni ittiham üzrə günahını qəbul etsə də, hələ də cəza almayıb.
Tərlan Bayramzadə