“Fuyuzat.az” saytı olaraq “həftənin seçilmiş hekayəsi”, “həftənin seçilmiş məqaləsi”, “həftənin seçilmiş şeiri” layihəsində sizləri salamlayırıq, əziz oxucular. Bu “Həftənin şeiri” nominasiyası üzrə seçilən əsər Əli Kərimin “Ana” şeiridir. Xoş mütaliələr!
Demirəm göy kimi ucadır adın,
Yox, yox alçalmasın söhbətin, sözün.
Sən ki yaranışdan oxşar olmadın,
Ancaq özün kimi böyüksən özün.
Əyilib alnından öpəndə hərdən
Könül dodağıma bir də öp, – deyir.
Ağarmış saçına əl vuranda mən
Əlim Şah dağının başına dəyir.
Mən səni bağrıma basanda bərk-bərk
Gör nələr düşünüb, nələr duyuram!
Elə bil Göyçaydan Kamçatkayadək
Vətən torpağını qucaqlayıram.



