Xəbərlər

Hüseyn Cavidin Ev Muzeyinin nəşrləri Darüşşafaka Kitabxanasının fonduna daxil ediləcək

7–10 aprel 2024-cü il tarixində Ramazan bayramı tədbirləri çərçivəsində İstanbul Fatih Bələdiyyəsi Kitabxanaları tərəfindən cəmiyyətin hər təbəqəsini (yaşlı, gənc və uşaqlar) əhatə edən “Mədəniyyət, sənət və həyat” (Kültür sanat yaşam) adlı konqres-festivalı təşkil olunub.

Bu barədə “Füyuzat”a Hüseyn Cavidin Ev Muzeyindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Hüseyn Cavidin Ev Muzeyinin aparıcı elmi işçiləri filologiya elmləri doktoru, dosent Əzizağa Nəcəfzadə, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Nəcəfova da həmin konqres-festivalda və İstanbul Fatih Bələdiyyəsi Kadırğa Kitabxanasında mədəniyyət işçiləri və oxucularla keçirilən görüşdə iştirak ediblər. Alimlərimiz böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin əsərlərinin və Hüseyn Cavidin Ev Muzeyinin nəşrlərinin Fatih Bələdiyyəsi Kitabxanaları kataloqunda necə əksini tapdığı, hansı əsərlərinin kitabxana fondlarında mövcud olduğu, oxucuların həmin əsərlərdən istifadə etmə intensivliyi barədə məlumat əldə edib, muzeyin son nəşrləri barədə ətraflı məlumat verərək şairin əsərlərini Fatih Bələdiyyəsi Mərkəzi Kitabxanasına hədiyyə ediblər.

Qeyd edək ki, hədiyyə edilən Hüseyn Cavidin Ev Muzeyi tərəfindən nəşr edilmiş bu kitablar İstanbulda yeni yaradılan və yaxın zamanlarda istifadəyə veriləcək Darüşşafaka Kitabxanasının fonduna daxil ediləcək.