Səhradakı hökmdar…
Ucsuz-bucaqsız səhrada hərəkət edən üç insanın necə əldən düşdükləri kölgələrindən bilinirdi. Sürünən kölgələr sanki neçə gün idi ki, ac-susuz yol gələn, azuqələri tükənən 3 insan haqqında rekviyem oxuyurdu… “Kimsə dayanmalı, kimsə ölməlidir…” – deyirdi kölgələr. Üç nəfərdən birinin – qoca Məsihinin gözü yanındakı yol yoldaşından ayrılmır. Diqqətlə onun yorğun vücuduna, çuxura düşmüş gözlərinə baxır. Bu gözlərin bir zaman alışdığı zamanı, yəni həmin insanın on yaşı olduğu vaxtları xatırlayır. Yadına gəlir ki, o zaman cəmi on yaşı olmasına baxmayaraq, bütün “Quran”ı əzbər bilən, müəllimlərini məntiq və kəlam elmləri ilə bağlayan həmin uşağı, əslində, o, bu gün acımasız səhraya düçar etmişdi. Yol yoldaşı hələ on yaşında olan zaman Ürgənc şəhərinin qoca həkimi Məsihi Buxaraya gəlib dövlət məmuru Abdullahın evində qonaq olarkən həmin fərasətli oğlana belə demişdi: “Sən təbabəti sev, beynində bütün elmlərlə yanaşı, ən çox bir elmə yer olsun. İnsanları xilas et, xəstəlikləri öldür”. Elə bu sözlərdən sonra o vaxt on yaşı olan Abdullah oğlu Hüseyn – İbn Sina həyatda rahatlıq anlayışının nə olduğunu yadırğamışdı…
Səhra ilə hərəkət edən üç nəfərdən biri – yenicə iflas etmiş Samanilər dövlətinin adlı-sanlı həkimi Məsihi, o biri isə bütün Asiyanın, hətta dünyanın böyük zəka sahiblərindən olan İbn Sinadır. Hakimiyyətə rəqiblərini əzərək gələn, paytaxtı Qəznə şəhərinə köçürərək Mərkəzi Asiyada nəhəng Qəznəvilər dövlətinin əsasını qoyan Sultan Mahmud Qəznəvi dövrün bütün şairlərini, alim və filosoflarını öz ətrafına toplayırdı. Lakin bir əmma var idi ki, o elmi, əsasən, dini rituallar üzərində məhdudlaşdırmaq və fəlsəfəni, məntiqi öz “elm”indən uzaq tutmağı alimlərdən tələb edirdi.
Hələ 17 yaşı olan zaman Buxara əmirini ölümcül xəstəlikdən xilas edərək dünyanın ən böyük kitabxanalarından olan – Buxara kitabxanasına giriş hüququnu qazanan İbn Sina isə bununla razılaşa bilmirdi. İş o yerə çatdı ki, Qəznəvilər Buxaranı talayıb nəhəng kitabxananı yandırdılar. Amma İbn Sina artıq o elm məbədindən öz nəsibini almışdı. Odur ki, qətiyyən sultana baş əyməyib gizlincə şəhəri tərk etdi. Dövrün başqa bir elm və mədəniyyət mərkəzlərindən olan Xarəzmə yol aldı. Xalq və Xarəzmşah təbibi çox yaxşı qarşılayıb bir müddət ona xüsusi diqqət göstərsələr də, Sultan Mahmudun qəfil yolladığı məktub hər şeyi dəyişdi. Məktubda Sultan Mahmud İbn Sinanın Xarəzmdə olduğunu eşidib təcili Qəznəyə dönməsini ondan tələb edirdi. Xarəzmşaha isə yazırdı ki, yəqin ki, dövrün alim və filosoflarının mənim sarayımda olmalarına narazılıq etməzsiniz. Şah üçün Xarəzmin Sultan Mahmudun hücumlarından qorunması böyük alimlərin sarayında olmasından daha əhəmiyyətli idi. Odur ki, İbn Sina vəziyyəti qabaqcadan dərk edərək Xarəzmdəki iki dostundan biri ilə – tibb müəllimi Məsihi ilə Cürcana (Gürgan) yola düşür.
Budur, bu da həmin sürünən kölgələrin nə üçün səhraya düşmələrinin qısa tarixçəsi… Onlar, əslində, Cürcan yolundadırlar. Lakin üçüncü adam – səhra bələdçisi naşılıqdan yolu səhv salır. Nəticədə, qoca Məsihi ilə xəstə İbn Sina səhranın yırtıcı kimsəsizliyi ilə üz-üzə qalır. Qoca Məsihi dünyasını elə həmin səhrada dəyişir. İbn Sina onu oradaca dəfn edir. Ümidsiz halda bələdçi ilə birlikdə yoluna davam edir. Bəxti onda gətirir ki, Cürcana çatar-çatmaz huşunu itirən zaman, insanlardan uzaq, kimsəsiz bir evdə yaşayan qoca onu tapır və iki həftəyə özünü gətirir…
Gizli qalan sirr – İbn Sina
Qərbdə Avisenna, Şərqdə isə “təbiblərin hökmdarı” kimi tanınan İbn Sinanın adı Asiya üçün uzun əsrlərdi ki, qəndil rolunu oynayır. Onsuz da günəşi batmaqda olan Şərqə düşən ala-budda işıq parçaları elə İbn Sina və onun kimi tək-tük şəxslərə aiddir.
Yuxarıda haqqında danışdığımız Məsihi dövrün böyük alimi, antik dövrün təbibləri Hippokrat və Qalenin ideya davamçısı idi. Onunla İbn Sinanın birgə çalışmaları Xarəzmdə baş tutdu. Buxarada saray çevrilişi olanda ibn Sina Xarəzmə köçür. Çox keçmədən böyük alim Əbu Reyhan Biruni və Məsihi də bura gəlirlər. Onlar birlikdə çalışır, fizika və kimyadan təcrübələr edir, gecələr ulduzları, meteoritlərin düşməsini seyr edirdilər. Həmin vaxt Məsihi ilə İbn Sina insan bədəninin quruluşunu öyrənməyə başlayırlar. Hələ gənc ikən İbn Sinanın başına çoxlu elm təşnəsi olan şagirdlər toplaşır. Onların içində hətta ağsaqqal adamlar da olurdu. 18 yaşı olanda fizika, fəlsəfə və astronomiya üzrə Şərqin böyük alimləri ilə məktublaşır, diskussiyalara girirdi.
Bibliyadan sonra ikinci
İbn Sina taun, vəba, sarılıq kimi xəstəliklərin səbəblərini analiz edib, baş ağrıları, mədə xorası və bir sıra başqa xəstəliklərin müalicə üsullarını göstərib. İlk dəfə göz əzələlərinin quruluşunu da o təsvir edib. Ona qədər dünya tibb elmində hesab olunurdu ki, göz fənər kimi işıq şüalandırır.
İbn Sinanın elmi irsi çox böyükdür. Tam dəqiq olmasa da, 450-yə qədər əsər yazdığı güman edilir. Bunlar çox müxtəlif sahələri əhatə edir: fəlsəfə, tibb, riyaziyyat, astronomiya, mineralogiya, poeziya, musiqi və s. Ən məşhur kitabı isə “Qanun ət-Tibb” adlanır. Beş cildlik kitabda farmokologiya haqqında əsas biliklər, ürəyin, qara ciyərin, beyinin detallı təsviri verilir. Bundan başqa, taun və vəbanın fərqi verilir, plevrit və ciyərlərin sətəlcəmi, cüzam, şəkər xəstəliyi, mədə xorası haqda o vaxt üçün çox qiymətli bilgilər toplanıb. Qısa müddətdə “Qanun” bütün dünyada tibb ensiklopediyası kimi qəbul olunur. Çap dəzgahı ixtira olunandan sonra ilk nəşr olunan kitab Bibliya, ikincisi isə “Qanun” olub. Avropada beş əsrdən artıq müddətdə tibbi bu kitabdan öyrəniblər. Yalnız 800 il keçəndən sonra fransız alimi Paster yolxucu xəstəliklərin səbəbinin viruslar olması haqqında İbn Sinanın hipotezini sübut etməyə müyəssər oldu.
İbn Sina rəvayətlərdə
Yenidən səhraya qayıdaq. Artıq müəllimini orada dəfn edərək yola düşən İbn Sinanın özü də bərk yorğun və xəstədir. O da mənzil başına çatıb-çatmayacağını dəqiq bilmir. Gözlərinin önündə xalq və saraylar tərəfindən ona həkim və bilici kimi edilən misilsiz hörmət canlanır. Amma indiki durumuna baxaraq bu ziddiyyətin bəxş etdiyi acı təsirdən gülümsəyir. Haqqında gəzən bir çox rəvayətləri xatırlayır. Həqiqətən də, elə olmuşdumu? Deyirdilər ki, İbn Sina onu aldatmaq istəyən bir qadını biliyi ilə rüsvay edib. Yanına gələn xəstələr çox olduğundan o, hamının əlinə kəndir bağlayıb onlara toxunaraq, yəni kəndirin köməyilə nəbzin döyülməsini müşahidə edərək xəstəlik barəsində düzgün qərarlar verirmiş. Bir gün bir qadın onu ələ salmaq məqsədilə uzaqdan paltarının altında gizlədiyi pişiyə kəndiri bağlayaraq İbn Sinaya uzadır. İbn Sina kəndirə əl vuran kimi məsələni anlayır və “tezliklə pişik doğacaqsan” deyə cavab verir.
İbn Sina səhrada barəsində gəzən rəvayətləri bir-bir düşünərək gülümsəyir. Amma bilmir ki, öləndən sonra onun təbib kimi gücünü əks etdirəcək əsas rəvayət dildən-dilə gəzəcək. Hamı qırxıncı şüşədən danışacaq. O, yaşadığı şəhərlərin birində sadiq şagirdi Cüzcani ilə tanış olacaq, tibbin bütün sirlərini ona öyrədəcəkdi. Elə qırxıncı şüşənin sirrini də… Rəvayət olunur ki, İbn Sina mədə xorasından müalicəni gecikdirdiyi üçün bağırsaqları yara basır. Dərman hazırlamaq istəsə də, bunun artıq gec olduğunu anlayır. Odur ki, 40 şüşə qabda dərman hazır edərək tələbəsi Cüzcaniyə verir. Tapşırır ki, bu 40 şüşəni ardıcıllıqla və xüsusi üsulla öləndən sonra onun üzərinə çəksin. Sirli məhlullar get-gedə onu sağaldacaq və nəticədə qırxıncı şüşənin istifadəsindən sonra İbn Sina diriləcəkdi. Hər halda, rəvayətdə belə deyilir. Şagirdi İbn Sinanın ölümündən sonra onun dediklərini edir. Hər gün cəsədin nəinki pozulduğunu əksinə get-gedə yaxşılaşdığını görür. İş o yerə çatır ki, sonuncu qırxıncı şüşədə ölünün diriləcəyi fikrindən qorxuya düşən şagirdin əlləri əsir və şüşə yerə düşərək sınır…
İbn Sina və Azərbaycan
Cüzcani onun ilk və ən sevimli şagirdi sayılsa da, İbn Sinanın əsas davamçısı ola bilmədi. Bu missiyanı böyük həmyerlimiz Bəhmənyar Azərbaycani daşıdı. Azərbaycan filosofu Bəhmənyarla İbn Sinanın tanışlığı haqqında maraqlı bir rəvayət var: İbn Sina tanınmış alim olanda Bəhmənyar hələ uşaq imiş. Rəvayətə görə, bir gün İbn Sinanın iş otağına qonşuluqda yaşayan bir uşaq gəlir. O deyir ki, ocaq qalamaq üçün olara köz lazımdır. Alim uşağa deyir: “Sən özünlə heç nə gətirməmisən. Közü necə aparacaqsan? Uşaq bir anlığa duruxur. Sonra yerdən bir qoşa ovuc torpaq götürüb deyir: “Közü bura qoyun”. Alim uşağın fərasətinə heyran olur. İbn Sina isə Bəhmənyarın valideynlərinin yanına adam göndərib xahiş edir ki, uşağın onun şagirdi olmasına icazə versinlər. Bəhmənyar ibn Sina haqqında xatirələrində belə yazır: “Bir dəfə şənbə günü fəxrlə dərsə gəlmişdik. Elə oldu ki, müzakirədə lazımınca iştirak edə bilmədik. Müəllimimiz dedi: “Görünür, sizin istirahət gününüz faydasız keçib”. Mən də yoldaşlarım kimi cavab verdim ki, istirahət günü gəzməyə getmişik və buna görə də dərsimizi yaxşı öyrənə bilməmişik. Bu cavabdan sonra müəllim ah çəkərək gözü yaşarmış halda söylədi: “Kəndirbaz işi ilə gündəlik məşğul olduğundan öz kamilliyi ilə hər şeydən baş çıxaran müdrikləri belə heyrətə sala bilir. Niyə sizin aranızda bir ağıllı və müdrik uşaq çıxmadı ki, dərs oxumağı avaraçılıqdan üstün tutsun?” İbn Sina özü yazırdı ki, Bəhmənyar ona doğma oğlundan da yaxındır.
Əl-Cüzcani üçün qeydlər
Amma Cüzcaninin əsas xidməti bir şəhərdən o biri şəhərə köç edən, birində vəzir olub o birisində zindanda yatan müəlliminə sadiq qalması olub. Cüzcani olmasa idi İbn Sina, bəlkə də, 29 elm sahəsində 450 əsər yazmazdı. Cüzcani onu sanki yazmağa sövq edirdi. İndiyə qədər bir insan tərəfindən yazılan ən böyük ensiklopediya kimi rekordlar vuran “Şəfa” və Avropa alimlərinin “çörək ağacı” olan “Tibb qanunları” kitabını o sadəcə diktə edib, Cüzcani isə nəfis xətlə köçürüb. İndi təqdim edəcəyimiz son bənd həmin “Tibb qanunları” kitabından seçilən Cüzcaniyə diqtələrdir.
“Başın ağrıdısa, qan al” – böyük alim həcəməti, yəni bədəndən pis, qara, çirkin qanların xaric edilməsini, el arasında deyildiyi kimi, qan aldırmağı baş ağrısının ən yaxşı dərmanlarından biri kimi göstərir: “Atəşli baş ağrıları qandan gəlir. Üz qızarması, damarların yığılması, nəbzin sürətli vurması baş ağrılarının əsas əlamətləridir. Bu zaman qan verməklə yanaşı, yumurta sarısı, armud və sirkənin qəbulu çox faydalıdır”.
“Eşq acısı çəkənləri hamama apar” – uğursuz sevgidən sonra insanın üzləşəcəyi kəskin depressiyanın dərmanını İbn Sina hələ X əsrdə vermişdi. O, eşq acısı çəkən, sayıqlayan, yuxusu ərşə çəkilən şəxsi müəyyən müddətdə hər gün hamama aparılmasını və bənövşə yağından istifadəni məsləhət görür. Çünki dəri nəmləşdirkcə insan nisbətən rahatlanır və o üzləşdiyi gərgin depressiyadan azacıq da olsa xilas olur.
“Astma xəstəliyi üçün bal istifadə et” – “Həkimlərin Piri” astma haqqında bu şəfalı bitkiləri təklif edir: “Bir kimsə hərəkət zamanı nəfəs darlığı, ağırlaşma və sinəsində ağırlıq hiss edirsə, ona zəncəfil, ada soğanı, sarı əncir, qabıqsız badam və balı yanaşı verilərək içirtmək lazımdır. Qoz yağı ilə birlikdə noxud suyu, şüyüd, yedirilir. Həmçinin isti su içirilsə, fayda verər”.
Elmin Nuri