Xəbərlər

İçərişəhərdə Azərbaycanın ilk Numizmatika Muzeyi fəaliyyətə başlayıb

İyulun 17-də XII əsrə aid tarixi memarlıq abidəsi olan İçərişəhərdəki Aşur məscidində Numizmatika Muzeyinin açılış mərasimi keçirilib.

“Füyuzat” xəbər verir ki, tədbiri giriş sözü ilə açan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud layihənin həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

O qeyd edib ki, bu muzeyin yaradılması ölkəmizdə iqtisadi və mədəni münasibətlərin inkişafının, cəmiyyətimizin tarixə və milli-mədəni irsə verdiyi dəyərin bariz göstəricisidir. Onun sözlərinə görə, tariximizin ən etibarlı şahidlərindən biri məhz numizmatikadır. Sikkələr keçmişimiz haqqında məlumat verir, müxtəlif dövrlərin siyasi, iqtisadi və mədəni həyatını əks etdirir. Buna görə də numizmatikanın öyrənilməsi və tədqiqi böyük əhəmiyyət daşıyır.

R.Mahmudun sözlərinə görə, muzeyin yaradılması ilə bağlı qərar qəbul edildikdən sonra bu sahəyə böyük marağın şahidi olublar.

“Bu gün artıq formalaşan konsepsiyamız ondan ibarətdir ki, bura təkcə eksponatların nümayiş etdirildiyi məkan olmayacaq. Muzey həm elmi-tədqiqat mərkəzi, həm seminar və konfransların keçirildiyi platforma, həm də müxtəlif şəxsi kolleksiyaların nümayiş olunduğu mədəniyyət ocağı kimi fəaliyyət göstərəcək”, – deyə o əlavə edib.

Ölkəmizdə uzun illərdir numizmatika sahəsində ixtisaslaşmış ayrıca bir mərkəzin yaradılmasına ciddi ehtiyac olduğunu bildirən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, İçərişəhərdə fəaliyyətə başlayan bu muzey Azərbaycanın dövlətçilik tarixinin, mədəni irsinin və zəngin numizmatik irsinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

“Bu, təkcə muzey deyil, həm də dövlətçilik tariximizin öyrənilməsi və təbliği üçün mühüm elmi-mədəni mərkəz olacaq. Numizmatika dövlətçilik tarixinin əsas mənbələrindən biridir. Dünyada elə bir dövlət yoxdur ki, onun tarixini sikkələr və pul nişanları olmadan tam şəkildə öyrənmək mümkün olsun. Hər bir dövlət yarandığı gündən etibarən öz hakimiyyətini, iqtisadi gücünü və suverenliyini zərb etdiyi sikkələr vasitəsilə də nümayiş etdirib. Bu baxımdan, İçərişəhərdə yaradılan Numizmatika Muzeyi Azərbaycanın müstəqil dövlətçilik tarixinin, eləcə də ümumilikdə dövlətçilik ənənələrinin öyrənilməsinə mühüm töhfə verəcək”, – deyə İ.Həbibbəyli vurğulayıb.

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev çıxışında bildirib ki, yeni muzey ölkənin maddi-mədəni irsinin qorunmasına verilən mühüm töhfədir.

O qeyd edib ki, son illərdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi qədim şəhərin tarixinin az öyrənilmiş səhifələrinin araşdırılması istiqamətində genişmiqyaslı layihələr həyata keçirir. Arxeologiya və Antropologiya İnstitutu ilə sıx əməkdaşlıq çərçivəsində “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda arxeoloji qazıntılar aparılır, sualtı arxeologiya layihələri reallaşdırılır, eyni zamanda, yeni birgə sərgilərin təşkili istiqamətində hazırlıq işləri görülür.

“İçərişəhər” Muzey Mərkəzinin direktor müavini Nahidə Bəkirova bildirib ki, əsas məqsəd yalnız nadir eksponatları nümayiş etdirmək deyil, həm də bu zəngin irsi elmi cəhətdən araşdırmaq, gənclərdə və xarici qonaqlarda Azərbaycan tarixinə marağı artırmaqdır.

“Məhz bu məqsədlə muzeyimizin nəzdində Məşvərətçi Komitə təsis edilib. Komitənin fəaliyyəti muzeyin daim təkmilləşdirilməsinə, ekspozisiyanın dinamik inkişafına xidmət edəcək, buranı gənc alimlər və tələbələr üçün mühüm elmi-tədqiqat və mədəniyyət mərkəzinə çevirəcək”, – deyə o qeyd edib.

Çıxışlardan sonra Muzeyin konsepsiyasını, ekspozisiyasını əks etdirən videoçarx nümayiş olunub.

Sonda qonaqlar Numizmatika Muzeyi ilə tanış olub, ekspozisiyada nümayiş etdirilən nadir sikkələrə baxış keçiriblər.

Ölkə əhəmiyyətli memarlıq abidəsi olan bu məkanda təşkil edilən ekspozisiyada e.ə. III əsrdən eramızın XX əsrinədək olan geniş tarixi dövrü əhatə edən sikkələr nümayiş etdirilir. Muzeyin numizmatika fonduna aid ümumilikdə 200-dən çox sikkə ekspozisiyada nümayiş olunur. Bu kolleksiya ekspozisiyanın elmi-tarixi əhatə dairəsinin genişləndirilməsinə, numizmatik materialların məzmun və xronoloji baxımdan daha da zənginləşdirilməsinə xidmət edir.