Bu gün tanınmış şair İlqar Fəhminin doğum günüdür. Bu münasibətlə şairin insan ruhuna toxunan misralarını Fuyuzat.az oxucularına təqdim edirik:
Uçurumdan qopan anda, əlini tutmasa kimsə,
Gözünü zillə səmaya, bacarırsansa, gülümsə…
Ən ağır məngənə içrə nicatın yalnız ölümsə,
İnanırsansa, dua et, bacarırsansa, gülümsə.
Sənin ən qorxulu həftən, mənim ən qanlı günümsə,
Gözümə bax, dişini sıx, bacarırsansa, gülümsə.
Batıran ruhuna iynə bu acı zəhr dilimsə,
Zəhərə azca şəkər qat, bacarırsansa, gülümsə.
Bu günəşdən yorulan yay mənim ən son fəsilimsə,
Payız haqqında danışma, bacarırsansa, gülümsə…
Elə səssizcə gülümsə.
***
Bir tikəni böldürdüm,
İçində ürək vardı.
Bir qarışqa öldürdüm,
…ağzında çörək vardı.
Təqdim etdi: Günel Natiqqızı



