Köşə Yazıları Ruslan Bayramlı

İmtahanlarda uğurlu olmaq üçün nə etməliyik?

İstənilən işdə uğur qazanmağın ilk addımı
məqsədə nail olacağından tam əmin olmaqdır.
(Naməlum)

Əminlik sadəcə sözlə ifadə olunan bir məfhum deyil, əmin olmaq üçün çalışmaq, həm də var gücümüzlə çalışmaq şərtdir. Yuxarıda qeyd etdiyimiz kimi, uğur qazanmağın ilk addımının əmin olmaqdan keçdiyini qəbul etsək də, bu əminliyi reallığa çevirməyin yollarının ən başlıcası da əzmlə çalışmaqdır.

Həyatımız boyu müxtəlif imtahanlarla qarşılaşmalı oluruq, hansı ki bunlardan bəzilərini özümüz seçirik, bəzilərini isə bizim üçün həyat seçir. Eyni zamanda biz təhsil həyatımız boyunca müəyyən imtahanlarda iştirak etməli oluruq, bura məktəblərdə keçirilən müxtəlif imtahanları, o cümlədən buraxılış imtahanlarını, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün daxil olduğumuz imtahanları, sürücülük imtahanını və s. nümunə göstərmək olar. Göründüyü kimi, müxtəlif yaş dövrlərində qarşılaşdığımız bu və digər imtahanlara müəyyən məqsədləri qarşımıza hədəf olaraq qoyub daxil oluruq. Beləliklə, bu imtahanlarda uğurlu nəticə göstərmək hər birimizin arzusuna çevrilir. Bəs bu arzuya çatmaq üçün nə etməliyik?!.

Düşünürəm ki, imtahanlarda uğurlu olmağın ilk amili məqsədimizi doğru müəyyən etməkdən keçir. Hər birimizin həyatımızda atdığımız addımların müxtəlif səbəbləri var ki, bu səbəblərə doğru istiqamətlənməyimiz üçün yolumuzu doğru müəyyən etməliyik. Bu yolun kompası isə birmənalı şəkildə qarşımıza qoyuduğumuz məqsədimizdir. Niyə və hansı məqsədlə oxuduğunu bilməyən bir tələbənin imtahana hazırlıq, həmçinin imtahan prosesində motivasiyası aşağı ola bilər. Qarşısına məqsəd qoyan və bu məqsədinə doğru addımlayan tələbə isə təbii ki, özü üçün planlı təhsil mühiti yaradaraq arzularına daha asan çata bilər. Bu, həm də imtahan prosesi üçün keçərlidir.

Məqsədi doğru müəyyən etmək imtahan zamanı tələbələri motivasiya edən ən mühüm amillərdən biridir. Tələbə imtahan prosesində narahat olduğu təqdirdə, hədəflərini xatırlayaraq özünü motivasiya edə bilər. Göründüyü kimi, öz məqsədini müəyyən edən və bu məqsədinə doğru planlı hazırlaşan biri üçün imtahanda uğur qazanmaq elə də çətin olmayacaqdır. Bu qrup tələbələr üçün imtahan qorxulu bir proses deyil, sadəcə olaraq onları məqsədlərinə götürəcək xüsusi bir vasitədir. Fəqət qayəsi olmayan tələbələrə görə bu imtahanlar qeyri-müəyyən dayanacaq rolu oynayır.

İmtahanlarda uğurlu olmağın ən vacib amillərindən biri də sistemli hazırlıq prosesinin təşkilidir. Bunun üçün şagirdlər, tələbələr özlərinə effektiv bir hazırlıq planı qurmalı və nə olursa olsun o plana sadiq qalmağı bacarmalıdırlar. Əks halda, nizamsız hazırlıq prosesi şagirdin öyrəndiklərini asanlıqla unutmasına və nəticə etibarı ilə onun motivasiyasının aşağı düşməsinə səbəb olacaq.

“İnsan bilmədiyinin düşmənidir” deyir böyüklər. Göründüyü kimi, insanlar bilmədikləri mövzulardan narahat olurlar. Buna görə də imtahan narahatlığını aradan qaldırmaq və müvəffəqiyyəti təmin etmək üçün hazırlıq prosesində dərsləri keyfiyyətli şəkildə öyrənmək lazımdır. Belə ki, şagirdlər, tələbələr öz öyrənmə üslublarına uyğun olaraq ən yaxşı şəkildə necə öyrənə biləcəklərini müəyyən etməli və keyfiyyətli şəkildə öyrənməyi qarşılarına məqsəd qoymalıdırlar.

İmtahanlardan əvvəl müxtəlif sınaq imtahanlarında da iştirak tələbələr və şagirdlər üçün müəyyən mənada öz bilik və bacarıqlarını görməyə kömək edir. Belə ki, müasir dövrümüzdə informasiya texnologiyalarının verdiyi avantajlardan istifadə edərək istər əyani, istərsə də onlayn şəkildə keçirilən sınaq imtahanlarında iştirak etmək olar. Bu tip imtahanlarda iştirak akademik boşluqları görməklə yanaşı, həmin boşluqları aradan qaldırmaq üçün vaxtında addım atmağımıza kömək edər. Həmçinin sınaq imtahanlarında iştirak bənzər mühitdə təcrübə əldə etməyimizə də imkan verir. Eyni zamanda, bu imtahanlar tələbələri müxtəlif sual tipləri ilə işləməyə alışmağa hazırlayır, onlara imtahan stresi və narahatlığının öhdəsindən gəlməyə də kömək edir.

İmtahanlarda müvəffəqiyyət əldə etmək üçün istifadə ediləcək ən mühüm strategiyalardan biri də vaxtın effektiv idarə olunmasıdır. Öyrənmə prosesində hədəflər müəyyən etməklə keyfiyyətli öyrənmə üçün zamanın effektiv idarə olunması çox önəmlidir. Göründüyü kimi, vaxtın effektiv idarə edilməsi həm hazırlıq prosesində, həm də imtahanlar zamanı çox vacib amildir.

Yuxarıda qeyd etdiklərimizlə yanaşı, imtahanlarda uğurlu olmaq üçün qidalanma, yuxu rejimi və s. digər amillər də mühüm rol oynayır. Bütün bu qeyd olunan və olunmayan nüanslar şəxslərə görə dəyişə bilər. Önəmli olan daxil olduğumuz imtahanın bizim üçün nə qədər önəmli və həyati əhəmiyyət daşıyıb-daşımamağından asılı olmayaraq hər zaman qarşımıza çıxan fürsətləri dəyərləndirmək və yazımızın əvvəlində də qeyd etdiyimiz kimi, məqsədlərimizə doğru gedən yolda əzmlə çalışmaqdır.