Xəbərlər

İsrail ordusu Rəfaha quru hücumu başladıb

İsrail ordusu Rəfah bölgəsinə qurudan hücum edərək, Qəzzanın Misirə açılan sərhəd qapısının Fələstin hissəsini ələ keçirdiyini açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, ordudan verilən açıqlamada 162-ci Diviziya və 401-ci Zirehli Briqadanın Rəfahın şərqindəki ordu birliklərinə dəstək verdiyi, Qəzzanın Misirə açılan Rəfah Sərhəd Qapısı üzərində nəzarətin ələ keçirildiyi bildirilib.

Açıqlamada Misirdən təxminən 3,5 km uzaqlıqdakı qapının Fələstin tərəfində tam nəzarətin əldə edildiyi və hücumda 20 fələstinlinin həlak olduğu bildirilib.

İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah Sərhəd Qapısına yaxın bəzi binaları raketlərlə hədəfə aldığı, Rəfah Sərhəd Qapısı və Kerem Əbu Səlim Sərhəd Qapısına yaxın əraziləri artilleriya atəşinə tutduğu qeyd edilib.

HƏMAS-a yaxınlığı ilə tanınan “Əl-Əqsa” televiziyası İsrail ordusunun Rəfah Sərhəd Qapısının Fələstin tərəfini güclü atəşə tutduğunu bildirib.