Xəbərlər

İsveçdə tələbələr Fələstinə dəstək aksiyalarına başlayıblar

Təxminən 20 nəfər İsrail ordusunun Qəzza zolağındakı hərəkətlərinə etiraz etmək məqsədilə Stokholm Universitetinin yaxınlığında çadır düşərgəsi qurub. Oxşar aksiya Kral Texnologiya Universitetində də keçirilir.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Dagens nyheter” qəzeti məlumat yayıb.

Məlumata görə, nümayişlər ABŞ universitetlərində keçirilən son etirazların birbaşa davamıdır.

“Biz buradayıq, çünki fələstinlilər öldürülür”, – etirazçılar şüar olaraq səsləndirib.

Stokholm Universitetində keçirilən nümayişin iştirakçılarından biri də ekoloji fəal Qreta Tunberqdir.

Bundan əvvəl Fələstin tərəfdarı olan universitet tələbələri İsveçin mərkəzindəki Örebro şəhərində düşərgə qurmuşdular.