Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 4-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.
“Füyuzat” xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, bu imtahanda jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.
Xatırladaq ki, bu il ilk dəfə olaraq qabiliyyət imtahanı tam elektron qaydada keçiriləcək və abituriyentlər inşanı kompüterdə yazacaqlar.
İmtahanda 827 abituriyentin iştirakı nəzərdə tutulur.
İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Kürdəmir və Şirvan şəhərlərində təşkil olunacaq.



