Aktual

Jurnalistin yol qeydləri

“Güllər daşır, daşlar gülür Qarabağda”

Çoxdan idi ki, səhər tezdən bir yerə səfər etmirdim. Buna görə də Medianın İnkişafı Agentliyinin təşkil etdiyi Şuşa səfərinə sevindim. Səhərin sazağı, alatoranlıq heç bir vəchlə xoş ovqatımıza mane olmurdu. Ona görə ki, arzu qanadlarında, doğma Qarabağımızın tac şəhərinə yol alacaqdıq. Bir azdan qış günəşi çıxacaq, qırmızı şəfəqləri yolumuzu işıqlandıracaqdı.

Zəngin mədəniyyət beşiyimiz olan Zəfər şəhərini ziyarət etmək, bulaqlarından su içmək, hər qarış torpağına müqəddəs şəhidlərimizin ruhu hopmuş müstəqil Azərbaycan Respublikasının alınmaz qalasını görmək çoxdankı arzum idi. Düzdür, tam 40 il əvvəl anamla Şuşaya yaxın yerə – Ağdamın Şahbulağına, qardaşım Ənvərin yanına gedəndə bunu arzulamışdım, amma gedə bilməmişdim. İndi gedirəm. Bakı, Gəncə və Lənkəran şəhərlərindən jurnalistləri Şuşaya aparmaq üçün 3 avtobus yola düşmüşdü. Dan yeri söküləndən sonra Füzuli rayonunun Qaraxanbəyli kəndinə çatdıq. Bu, həmin Qaraxanbəylidir ki, işğal dövründə “keçilməz” Ohanyan səddi və neytral zona burada yerləşirdi. Təsəvvür edin ki, Azərbaycan torpağında düşmən səddi…

Düşdük, baxdıq. Televiziya ekranlarından gördüyümüz dağıdılmış kəndlər, viranə evlər də elə buradan başlanır. Bir az qabaqda, yolun sağında qəbiristanlıqdakı məzarlara qırmızı lentlər bağlanmışdı. Yəni ki, sakinlər doğmalarının məzarlarını ziyarət ediblər. Bundan qabaqkı Alxanbəyli kəndindəki postda polislər sənədlərimizi yoxlayıb, bizim Şuşa səmtinə getməyimizə xoş niyyət göstərdilər. Qrupumuzun rəhbəri, MEDİA nümayəndəsi Elşən Ağayev bu yerlərdə bir neçə dəfə olduğundan Qarabağın qədim tarixi, yaşayış məskənləri, 44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş yerlər haqqında məlumatlar verir, suallarımızı cavablandırırdı.

Elşən müəllim Qaraxanbəylinin Füzulinin işğaldan azad edilmiş ilk kəndlərindən olduğunu, ermənilərin Ohanyan səddinin müzəffər ordumuzun gücüylə qısa müddətə dağıdıldığını xatırlatdı. Dedi ki, strateji və sosial obyektləri, qəbiristanlıqlar, daşı daş üstə qalmamış binaları, yolu, cığırları belə tanımaq olmur. Düşmən ağlasığmaz vandallığı ilə “Qafqazın Xirosiması” adlı acınacaqlı bir tablo yaradıb. Füzuliyə çatanda ürəyimiz bir qədər toxtadı. Şəhər müasir standartlara uyğun şəkildə bərpa olunur. İrəlilədikcə abad yolları görürdük. Yolun hər iki tərəfində quruculuq işləri gedir, ucu-bucağı görünməyən torpaqlarda müasir traktorlar işləyir, taxıl əkilirdi. Adamın sevincdən köksü qabarırdı…

Bu yerdə şəhidlərimizə Allahdan rəhmət diləyirik, qazilərimizə cansağlığı arzulayırıq, hamımız Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevə dualar edirik. Məhz möhtərəm Prezidentimizin sərəncamı ilə inşa edilmiş 101,5 kilometrlik Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ilə Şuşaya irəliləyirik. Bu yol Zəfər yoludur. Azərbaycan ordusunun xüsusi təyinatlılarının Şuşanı işğaldan azad etmək üçün keçdiyi meşələrdən, dərin dərələrdən, sıldırım qayalardan çəkilib bu yol… Tikintisinin qısa vaxtda həyata keçirildiyi Zəfər yolu Azərbaycan xalqının qazandığı parlaq Qələbənin simvoludur. Qısa vaxtda icra edilən və dünyada analoqu olmayan layihə Azərbaycan dövlətinin gücünü, onun malik olduğu potensialı və ən əsası Prezident İlham Əliyevin qətiyyətini bütün dünyaya göstərdi. Azərbaycan dövləti, xalqı və ordusu elə bir tarix yazdı ki, bu, bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildi.

30 illik işğala cəmi 44 gündə son qoyduq. Tariximizdə yeni səhifə yazıldı. Şanlı Ordumuz azğın düşmənin üstümüzə atdığı ləkəni təmizlədi, biz qamətimizi düzəltdik, illərlə həsrətində olduğumuz torpaqlarımıza qovuşduq. “Kolin” şirkətinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkçiləri tikinti işlərini sürətlə və dünya standartlarına uyğun yerinə yetirirlər. Layihəyə əsasən çətin relyefə malik olan dağ yerlərində, dolaylarda körpü və tunellər çəkilir. Belə ki, təzə yolun uzunluğu 17 kilometrə yaxın qısalaraq 84,6 kilometr olacaq. Tunellərin ümumi uzunluğu təxminən 3 kilometr təşkil edəcək, Şuşa şəhərinə gediş-gəliş daha rahat olacaq. Sıldırım qayaların ortasında ulu keçmişimizin yadigarı olan Azıx mağarasına baxırıq, Tuğ kəndinə çatırıq. Böyük mütəfəkkir Cəfər Cabbarlının “1905-ci ildə” pyesindəki hadisələrin məhz bu kənddə cərəyan etdiyini bir daha yada salırıq. Biz heç nəyi unutmadıq, unutmadıqca da möhkəmləndik, gücləndik və nəhayət, dünyanın illərdir göz yumduğu ədalətsizliyi özümüz təkbaşına aradan qaldırdıq. Prezident İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti ilə qəhrəman ordumuzun Vətən müharibəsində qazandığı Qələbə Azərbaycan xalqının Zəfər məramına, milli kimlik mücadiləsinə, torpaq və Vətən sevgisinə şahidlik etdi…

Zəfər yolu ilə sərt döngələri dolanıb Daşaltı kəndinə, sonra Şuşaya gəlirik. Axırıncı aşırımı keçəndən sonra göz önümüzdə Şuşanın gözəl panoramı açılır. İndiki Şuşa şəhəri böyük tikinti meydanına bənzəyir. Yuxarı Gövhərağa məscidi, Cıdır düzü, Topxana meşəsinin dağıdılmış ərazisi, Molla Pənah Vaqifin məqbərəsi, Xan qızı Natəvanın dağıdılmış malikanəsi, Şuşa Qalası, İsa bulağını bir-bir ziyarət edir, tikinti-quraşdırma işlərinin burada davam etdiyinin şahidi oluruq. Az vaxtda burada xeyli iş görülüb. Şuşada hər məhəllənin öz məscidi olub və indi də fəaliyyətini davam etdirir. “Xarıbülbül”, “Şuşa”, “Qarabağ” otelləri göz oxşayır, hər bir xarici, yaxud yerli insanın ruhu dincəlir burada. Müasir üslublu 110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyasına baxdıqca adam riqqətə gəlir. Oradan işıq sanki şəhərlə, kəndlərlə birlikdə ürəklərimizə çəkilib. Duyğularımız nur selinə qərq olub. Cıdır düzünə – ərənlər oylağına gəlirik. Əsrarəngiz dağ mənzərələrini seyr edirik. Bu düzdə jurnalist həmkarlarımla 9 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə fərqlənmiş eloğlum, xüsusi təyinatlı gizir, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin həlak olduğu yeri ziyarət etdik. İntiqam 2016-cı ilin məlum Aprel döyüşlərində də iştirak edib. Qardaşı Nurlan Əsgərli Aprel döyüşlərində şəhid olub, onun cansız bədənini döyüş meydanından özü çıxararaq bir gün intiqamını alacağına söz vermişdi. Qəhrəman gizirimiz Şuşa döyüşlərində sözünü tutub, şəhid qardaşının və silahdaşlarının qisasını alıb. Və bu yolda özü də şəhidlik zirvəsinə ucalıb…

Təcrübəli jurnalist, MEDİA-nın icraçı direktorunun müavini Natiq Məmmədli bildirir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan böyük tikinti, quruculuq, bərpa işləri medianın əsas mövzusudur. Düşünürəm ki, bu səfərdən sonra da Şuşada və işğaldan azad olunmuş ərazilərdə aparılan işlər maraqlı yazılar, reportajlar şəklində Azərbaycan cəmiyyətinə təqdim ediləcək.

Nədənsə gedəndə də, gələndə də anam yadıma düşmüşdü. Savadsız olsa da, fəhmi böyük olan bu kişi qeyrətli qadın vətənpərvərdi, bizə ana Vətənimizi, torpağı sevdirərdi, yaradıcı insanları, hərb fatehlərini tanıtdırardı. Deyərdi ki, müharibəni başlayan da, qurtaran da bir baş (yəni bir adam) olur. Ağıllısı, müdriki dözür, fikirləşir, necə qalib gəlməyin yollarını tapır, müşahidə edir, udur… Anam düz deyirmiş: 30 il düşmən tapdağına dözəsən, səbr edəsən, güc toplayıb haqq savaşı yapasan, qalib gələsən, əzəli torpaqlarını geri alasan! Bu, böyük zəka, müdriklik, dözüm tələb edir! Bizim Prezidentimizdə olan kimi! İlham Heydər oğlu Əliyev də, şəhidlərimiz, qazilərimiz də bizim vüqarımızı, şərəfimizi qaytardılar. Nə qədər həyat var, biz onlara borcluyuq. Prezidentimiz bizi 200 il torpaq itirən bir ölkənin sakinlərindən torpağını geri alan xalqa çevirdi! İlham Əliyev 2020-ci ilin 1 dekabrında deyirdi ki, 94 mülki vətəndaş həlak olub, 400-dən çox mülki vətəndaş vəhşi düşmən tərəfindən yaralanıb. Evi dağılmış insanlar dağıntılardan çıxarkən deyirdilər ki, ancaq irəli! “Hər kəs bilməlidir və biz bütün dünyaya göstərdik ki, böyük xalqıq, yenilməz xalqıq. Biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmağı bacardıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır. Mən artıq bu mövzu ilə bağlı müraciətlərimi yekunlaşdırıram. Əminəm, bundan sonra, əlbəttə ki, bir çox hallarda doğma xalqıma öz sözlərimi deyəcəyəm. Amma bu dövrlə bağlı müraciətlərimi yenə də hər bir Azərbaycan vətəndaşının arzuladığı sözlərlə yekunlaşdırmaq istəyirəm: Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”

Bəli, biz 100 il, 1000 illər bundan sonra da, həmişə, hər vaxt Qalib xalq olacağıq! Ötən ilin sentyabrında cəmi 23 saat çəkən antiterror tədbirləri ilə suverenliyimizi tam bərpa etdik. Xankəndiyə, Xocalıya, Xocavəndə, Ağdərəyə girdik. O yerlərin də ünvan lövhələri dəyişdirilərək doğma türk dilimizdə yazıldı. Döyüş cəbhəsini indi zəhmət, hünər cəbhəsinə dəyişmişik. Qururuq, yaradırıq, torpağın yaralarını sağaldırıq. Qarabağa və Şərqi Zəngəzura “Böyük Qayıdış” başlanıb. Bu günlərdə yerli televiziyalara müsahibə verən dövlət başçımızın da dediyi kimi, 30 illik həsrətdən sonra soydaşlarımızın isti nəfəsləri bu yerləri isindirir, işğalda qaldığı vaxtda belə özünün pak ruhunu qoruyub-saxlamış o yerlərdə “Qarabağ şikəstələri”, “Bayatı Şiraz”lar daha şaqraq səslə oxunur, yeni-yeni “Qarabağnamə”lər yazılır. Xalqımızın əbədi əmin-amanlıqla yaşadığı hər tərəf gülüstana dönür, çıraqban olur. Azərbaycanda tanınmış Şair dostum Əli Nəcəfxanlı demişkən, “Güllər daşır, daşlar gülür Qarabağda…”

Əlihüseyn Şükürov,
«Yeni həyat» ictimai-siyasi qəzetinin baş redaktoru,
AJB və RF Jurnalistlər İttifaqının üzvü