Bəhruz Əliyev Xəbərlər

Kiberdələduzluqdan xilas olmaq üçün nələrə diqqət etmək lazımdır?

“Kiberdələduzluğun qurbanı olan yaxın dostlarımdan biri kömək üçün mənə müraciət etdi. Telefonunda olan 2 bank tətbiqi və bu bank tətbiqlərinə daxil olan 3 kartdan 10 min manatdan çox məbləği oğurlayıblar. Birdən ekran qaraldılıb və arxa fonda dələduz öz işini görüb. Amma bir az insaf göstərib, kartda 20 manat xərclik, yol pulu saxlayıb. Oğrunun da beləsinə “insaflı oğru” demək olarmı?! Polisə və banklara müraciət etdiyini bildirdi”.

“Füyuzat”ın məlumatına görə, bunu informasiya texnologiyaları üzrə mühəndis-ekspert, tədqiqatçı Bəhruz Əliyev özünün sosial media hesabında yazıb.

“Peşəkar dələduzlar o qədər professional və sürətli işləyirlər ki, izlərini tapmaq çox məşəqqətli olur. Bəzən də iz tapılmır və xarici hesablarda iz itirilir. Ölkə xaricinə çıxarılmış məbləğlərin tapılması da bürokratik və hüquqi prosedurlara görə çox zaman tələb etdiyi üçün müsbət nəticə əldə etmək çətinləşir. Kartından kiçik məbləği oğurlanan şəxslərin isə vəziyyəti bir qədər ümidsizdir.

Nələrə diqqət etmək lazımdır? Bu suala qismən və qısa cavab olaraq:

  1. “Google Play” və “App Store”da olmayan 3-cü tərəf proqramları əsla yükləməyin!
  2. “Google Play” və “App Store”dan yükləmək istədiyiniz tətbiqin yüklənmə sayı 3000-dən aşağıdırsa, onu əsla yükləməyin!
  3. Tətbiq yükləyərkən, sizdən tətbiqin istədiyi icazələrə diqqət yetirin. İcazələri minimallaşdırın və istədiyi icazələr məntiqli deyilsə, yükləməkdən imtina edin!
  4. Qarşınıza çıxan cəzbedici mərc oyunları və digər linklərin üzərinə vurmayın!
  5. Mümkün qədər pulsuz, amma global olaraq tanınmamış xidmətlərdən və oyunlardan istifadə etməyin. Xidmət pulsuzdursa, satılan sizin məlumatlarınızdır!
  6. Heç kəsə SMS təsdiq kodunuzu və ya bank kartınızın 16 rəqəmi xaricindəki rəqəmləri deməyin. Kartın şəklini çəkib göndərərkən digər məlumatları bağlayın. Qarşıdakı insana güvənə bilərsiniz, amma onun telefonu yoluxarsa, sizə də ciddi zərər dəyə bilər!
  7. Avadanlığınızı daimi olaraq “UPdate” edin!
  8. Daimi olaraq maariflənmək və öyrənmək lazımdır. Ehtiyatlı və tədbirli olun!” ekspert qeyd edib.