Kimsə məndən ötrü darıxır hər dəm,
kimsə yasa batır görəndə məni.
Kiməsə bayramam, kiməsə matəm,
kiməsə əbədi həyat yelkəni.
Kiminsə gözündə balacayam mən,
kiminsə böyüyü dünyada mənəm.
Kiminsə düşmüşəm nəzərlərindən,
kiminsə nəzəri üstümdə… bilməm.
Kimsə yol gözləyir əlində çiçək,
kimsə kölgəm kimi izləyir məni.
Hardasa payıma sevinc düşəcək,
hardasa bir kədər gözləyir məni.
Nəriman Həsənzadə



