Xəbərlər

Lənkəranda “Şəkinin ədəbi-mədəni mühiti və folklor” mövzusunda tədbir keçirilib

Mayın 1-də AMEA Lənkəran Regional Elmi Mərkəzində (REM) “Şəkinin ədəbi-mədəni mühiti və folklor” mövzusunda tədbir keçirilib.

“Füyuzat”ın məlumatına görə, tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Mehman Qaraxan oğlu Əliyev Lənkəranın ədəbi mühiti, Cənub bölgəsində yazıb-yaradan şair və yazıçıların yaradıcılığı barədə məlumat verib.

O qeyd edib ki, regional mərkəzlər arasında əlaqələr nə qədər möhkəm olsa, ümumi işin xeyrinə olacaq və Şəki REM bu təşəbbüsünü yüksək qiymətləndirib, f-r.ü.f.d. dosent Yusif Şükürlüyə belə nəcib təşəbbüsə görə təşəkkürünü bildirib.

AMEA Şəki REM “Ədəbi-bədii mühit, folklor və etnoqrafiya” şöbəsinin elmi işçisi, gənc alim və Mütəxəssislər Şurasının sədri Tural Adışirin öncə Mərkəzin direktoru Yusif Şükürlünün salamlarını çatdırıb, özləri ilə gətirdikləri 15 adda müxtəlif kitabı Lənkəran REM-nin “Ümummilli Lider Heydər Əliyevin 100 illiyi” adına kitabxanaya hədiyyə edib.

Sonra mövzu ilə əlaqədar çıxış edən T.Adışirin ali təhsilini Lənkəran Dövlət Universitetində aldığını, magistraturanı burada bitirdiyini bildirib, Lənkəranın ədəbi mühiti barədə kifayət qədər bilgiyə malik, yerli şair və yazıçılardan Mirhaşım Talışlı, Mehman Qaraxanoğlu, Sərraf Talıb, Ağamir Cavad, Tofiq Həsənli, İltifat Əhmədov və başqalarının yaradıcılığı ilə tanış olduğunu vurğulayıb, Şəki ədəbi-mədəni mühiti və folkloru haqqında slayd vasitəsilə ətraflı məlumat verib.

Qeyd edək ki, Lənkəran REM-in əməkdaşlarından şair Sərraf Talıb, Ağamir Cavad, yazıçı-publisist İltifat Əhmədov və Aqil Həsənov fikir mübadiləsi aparıblar. Tədbiri yekunlaşdıran Mərkəzin direktoru Mehman Qaraxanoğlu Əliyev Tural Adışirinə hədiyyə etdiyi kitablara və çıxışına görə minnətdarlığını bildirib, Şəki və Lənkəran bölgəsi arasında ədəbi əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Sonda isə xatirə şəkilləri çəkilib.