Füyuzat 150 • Nigar Şah • Xəbərlər

Maarif çırağının varisləri

Gecənin qatı qaranlığında haradasa uzaqda, bəlkə də, elə lap yaxında bir kibrit dənəsi alışır. Kiçik, zəif, bir nəfəslə sönə biləcək kövrək bir alov. Amma o andaca möcüzə baş verir… Qaranlıq, o vaxta qədər mütləq və yenilməz görünən o nəhəng boşluq geri çəkilməyə məcbur olur. İşıq bircə zərrəsi ilə qaranlığın mütləqlik iddiasını darmadağın edir. Çünki çıraq yalnız şüşə arxasında yanan bir fitil deyil. O, ümidin, oyanışın, insan zəkasının hər cür cəhalətə və ətalətə qarşı üsyanıdır. O, düşüncənin maddiləşmiş formasıdır.

İnsanoğlu əsrlər boyu bu işığın ətrafına toplaşdı. Mağara divarında titrəyən ocaq şöləsindən masanın küncündə gecəni gündüzə calayan neft çırağına qədər hər işıq mənbəyi, əslində, eyni məqsədə xidmət edirdi. Çıraq yandırmaq sadəcə ətrafı görmək deyil, həm də daxili qaranlığı işıqlandırmaq, ruhun kor nöqtələrinə nüfuz etmək ehtiyacından doğmuşdu. Bu işıq olmasaydı, sözün, mədəniyyətin, mənəviyyatın xəritəsini necə cıza bilərdik?

Bəs bu gün, şəhərlərin süni işıqları altında, ekranların amansız parıltısında batan müasir insan o köhnə, o titrək çırağın həsrətini çəkmirmi? Biz hər tərəfi bürüyən bu texnoloji, süni parıltıda ruhumuzun üşüdüyünü, düşüncəmizin kütləşdiyini hiss edirikmi? Zaman və məkanın fövqündə dayanan elə dəyərlər var ki, işığı heç vaxt zərrə qədər azalmır. Elə irs var ki, hər səhifəsi, hər sayı tarixin qaranlıq dəhlizlərindən keçib bu günümüzə boylanır.

XX əsrin əvvəlləri. Bakı. Neft bumu ilə çırpınan, bir tərəfdən varlanan, digər tərəfdən tənəzzül yaşayan, kimliyini axtaran şəhər. Zamanın rüzgarı sərt, imperiyanın basqısı ağır, cəmiyyətin düşüncəsi dumanlı idi. Elə bu dumanın içindən bir səs ucaldı. Bu, bütöv bir millətin intibah manifesti idi. Əli bəy Hüseynzadə və onun əqidə dostlarının 1906-cı ildə “Füyuzat” adlı çırağı yandırmaqda məqsədləri yalnız bir jurnal nəşr etmək deyil, Şərqlə Qərbin, keçmişlə müasirliyin qov­şağında yeni bir Azərbaycan insanı formalaşdırmaq idi.

“Füyuzat” millətin dərdini çəkən fədakarları ətrafına toplayan fikir ocağı idi. Milli azadlığa gedən yol mənəvi azadlıqdan, müstəqil düşüncədən keçir. Əli bəy Hüseynzadənin formulu iflic cəmiyyət üçün mənəvi silkələnmə idi. Füyuzatçılar heç vaxt quru fakt sadalayan salnaməçilər olmadılar. Onlar dili millətin namusu, mədəniyyəti isə onun milli varlığının rəmzi hesab edirdilər. Onların yazdığı hər sətir, toxunduğu hər mövzu imperiyanın senzura divarlarını deşib keçən mənəvi ox idi.

Vaxtilə jurnalın ancaq otuz iki sayı işıq üzü görsə də, əsrlərə bərabər iz qoydu. O, estetik məktəb, fəlsəfi cərəyan yaratdı. İnsanlara göylərə baxmağı, kainatı, fəlsəfəni, sənəti dərk etməyi öyrətdi. Bəs bu böyük missiyanın 150-ci sayına çatdığımız məqamda biz haradayıq? O fədakarların canları bahasına yandırdıqları həmin məşəl bu gün də bizim əlimizdə əvvəlki kimi şölə saçır, yoxsa sadəcə o alovun külü ilə təsəlli tapırıq?

Zaman axıb gedir, imperiyalar dağılır, xəritələr yenidən çəkilir, amma füyuzatçılıq ideyasının qarşıya qoyduğu o fundamental sual hələ də aktuallığını qoruyur: biz özümüzü qoruyaraq necə müasir ola bilərik? İndi gəlin bu sual ətrafında əsrimizin dəyişən simasına və bu dəyişikliyin daxilimizdə yaratdığı fırtınalara nəzər salaq.

Bəli, zaman dəyişdi. Həm də elə sürətlə dəyişdi ki, tarixin heç bir dönəmində bəşəriyyət belə sıçrayış görməmişdi. Biz artıq poçtlarda aylarla yol gözləyən, mürəkkəblə yazılan məktubların dövründə yaşamırıq. Kitab rəflərinin yerini planşetlərin soyuq şüşələri, uzun, sevgi dolu məktubların yerini isə bircə saniyədə qarşı tərəfə çatan, quru, qısa mesajlar və “emoji”lər alıb. Biz daha ədəbi məclislərdə saatlarla davam edən, insanı mənən ucaldan o dərin müzakirələri aparmırıq. İndi sosial şəbəkələrdə anonim maskalar arxasında gizlənib bir-birimizi tənqid etdiyimiz “şərh” bölmələrimiz var.

Bu, bir tərəqqidirmi? Sözsüz ki, bəli. İnformasiya artıq bir klik qədər yaxındır. Dünyanın o başındakı kitabxanaya saniyələr içində daxil ola bilirik. Amma gəlin etiraf edək: bu informasiya bolluğu bizi daha da müdrik etdimi? Yoxsa bizi hər şeydən xəbərdar olan, amma heç nəyin mahiyyətini dərk etməyən dayaz məlumat anbarlarına çevirdi? “Füyuzat”ın dövründə bir cümlənin, bir sözün arxasında günlərlə çəkilən intellektual zəhmət, mənəvi axtarışlar dayanırdı. Bu gün isə söz ucuzlaşıb, sürətlə istehlak olunur və elə həmin sürətlə də unudulub tarixin zirzəmisinə atılır.

Müasir insan böyük paradoksla üz-üzədir: o, tarixin ən çox əlaqədə olan, amma eyni zamanda ən tənhalaşmış, ən yadlaşmış varlığıdır. Biz hər kəslə ünsiyyətdəyik, amma heç kimlə dərdləşə bilmirik. Çünki düşüncə mədəniyyəti diqqət və zaman tələb edir. Sürət isə diqqətin qənimidir. Biz ekrandan ekrana keçdikcə, sürüşdürdüyümüz hər səhifədə ruhumuzun bir parçasını da itiririk. Alqoritmlər bizim yerimizə nəyi bəyənəcəyimizi, nəyi oxuyacağımızı, hətta necə düşünəcəyimizi belə təyin edir.

Bəs bu rəqəmsal əsarətdən xilas olmaq mümkündürmü? İnsan öz mənəvi dayaqlarını necə qorumalıdır ki, bu qlobal tufanda sovrulub getməsin? Maarifin o köhnə çırağı bu gün alqoritmlərin qaranlıq labirintində bizə yol göstərə bilərmi? Və ya bu gün maarifçiliyin cəbhə xətti haradan keçir? Keçmişdə bu xətt məktəblərdən, dərsliklərdən, “Füyuzat” kimi jurnallardan, xalqı oyatmağa çalışan fədakar müəllimlərin fəaliyyətindən keçirdi. Bəs indi? Bu gün qarşımızda nəhəng süni intellekt, hər addımda bizi izləyən alqoritmlər və məlumat selinin altında boğulan bir cəmiyyət var. İndi məlumat hər yerdədir, amma eyni zamanda heç yerdədir. Çünki real məlumatla manipulyasiya olunmuş informasiya arasındakı sərhəd heç vaxt bu qədər pozulmamışdı.

Biz bu gün, həqiqətən, öyrənirik, yoxsa təkcə məlumat toplayırıq? Bu sual müasir dünyanın ən böyük intellektual böhranının açarıdır. Məlumat toplamaq bir qum dənəsini digərinin üstünə qoymaqdır, yəni mexaniki prosesdir. Öyrənmək, dərk etmək isə həmin qum dənələrindən bir saray ucaltmaq, o sarayın içində ruhən yaşamaqdır. Süni intellekt saniyələr içində bizə hər mövzuda min səhifəlik hesabat hazırlaya bilər, amma o, Əli bəy Hüseynzadənin millətin dərdi ilə ağrıyan ürəyinin döyüntüsünü, Hüseyn Cavidin poetik kədərini, Sabirin acı gülüşünü hiss etdirə bilməz. Çünki maşınlar məlumatı emal edir, insan isə mənanı yaradır.

Biz məna böhranı yaşayırıq. Hər şeyin hesabını bilən, amma heç nəyin dəyərini anlamayan bir nəsil yetişir. Maarifin çırağı məhz bu nöqtədə insana öz insanlığını, öz mənalandırma qabiliyyətini qaytarmaq üçün yenidən güclü şəkildə yanmalıdır.

Bu gün bir jurnal, bir kitab və ya bir ziyalı sosial medianın o ucuz, müvəqqəti trendlərinə qarşı müqavimət göstərə bilirsə, deməli, o çıraq hələ sönməyib. Maarif bu gün alqoritmlərin “rahat və hazır” cavablarını rədd edib çətin və düşündürücü suallar vermək bacarığıdır. “Füyuzat”ın bu gün də daşıdığı ən böyük missiya məhz budur: müasir insanı alqoritmlərin kölgəsindən çıxarıb azad və tənqidi təfəkkürün işığına qovuşdurmaq.

Bununla da bir çıraq başqa bir çırağı yandırır. Maarifçilik budur. Əli bəy Hüseynzadənin yandırdığı ocağın qığılcımları sonradan neçə-neçə qəlbə hərarət gətirdi, neçə-neçə gənc beyni işıqlandırdı. Bu gün bizim etməli olduğumuz şey o keçmişi sentimentallaşdırmaq, tarixin kölgəsində dincəlmək deyil. Biz o çırağın işığını müasir dünyanın elmi, fəlsəfəsi, sənəti ilə zənginləşdirib gələcəyə daşımalıyıq. Çünki bu gün də dilimiz qorunmağa, mədəniyyətimiz dərk olunmağa, düşüncəmiz azadlığa təşnədir.

Yazının sonunda, əziz oxucu, səni bu çırağın işığında bir anlıq düşünməyə dəvət edirəm. Sən bu gün sadəcə bu mətni oxuyan passiv müşahidəçisən, yoxsa o sönməyən çıraqdan öz ruhuna qığılcım aparan fədai? Unutma ki, füyuzatçılıq status deyil, mövqedir. Cəhalətin qarşısında dik dayanmaq, kütlənin korluğuna qarşı zəkanın səsini ucaltmaqdır.

“Füyuzat” 150–ci dəfədir şölə saçır və bu işıq bizə deyir ki, qaranlıq nə qədər qatı olsa da, çırağını sönməyə qoymayanlar üçün həmişə bir ümid var. Gəlin o çırağı birlikdə qoruyaq, çünki o sönərsə, yolumuzu davam etdirmək sadəcə çətin yox, həm də imkansız olacaq. Yolumuz gələcəyədir, işığımız isə heç vaxt sönməyəcək o qədim və müqəddəs qaynaqdan qidalanır.

Nigar Şah