Bu gün Azərbaycanın tanınmış yazıçısı Mirzə İbrahimovun doğum günüdür. Bu münasibətlə yazıçının “Pələng və insan” hekayəsini Fuyuzat.az oxucularına təqdim edirik:
Nəzər kişinin sarı rəngli bir pişiyi vardı. O qədər sarı idi ki, görən deyərdi dərisinə xına çəkiblər. Özü də yaman tüklü pişikdi. Əl-qolunu, boyun-boğazını sarı tük basmışdı. Başının tükü iki il qırxılma-mış qoyun yunu kimi pırpızlanmışdı. Qaşlarının da üstünü sarı tük örtmüşdü. Bu tüklərin arasından göy gözləri zorla seçilirdi. Arma özü ayıq idi, hər şeyi görürdü. Yaman da ağır pişikdi. Yemək görəndə heç vaxt tələsməzdi, ora-bura atılmazdı. Ağır-ağır gəlib götürər, ağır-ağır yeyərdi. Uzun sarı bığları onu bir az da qorxulu göstərirdi. Nəzər kişi-dən başqa heç kəsin qucağında oturmazdı, heç kəsi qoymazdı başını sığallasın. Evdə pələng kimi yeriyərdi, pəncəsinin birini götürüb, o birini qoyardı, amma həyətdəki tut ağacının budağında sərçə görəndə, ya anbarda gözünə siçan dəyəndə göz açmağa qoymazdı, birdən sıçrayıb boğazından yapışardı.
– Pişik deyil, pələngdir! – deyib Nəzər kişi iftixarla ona baxardı.
Bir dəfə sarı pişik meşəyə quş ovuna getmişdi. Hündür palıd ağacının başında quş gördü. Onlar budaqdan-budağa sıçrayıb civildəşirdilər. Sarı pişiyin ağzı sulandı. Quşların birini tutub yemək istədi. Palıda yaxınlaşdı ki, yavaşca yuxarı dırmaşsın. Elə bu zaman qəribə bir hənirti duyub ayaq saxladı. Tikanlı sıx ağacların arasından böyük bir pələng sıçrayıb pişiyin qabağında durdu. Qorxudan sarı pişiyin canına üşütmə düşdü. Tüklərini bir az da pırpızladıb müdafiəyə hazırlaşdı. Lakin pələng ona baxıb dayandı, təəccüblə soruşdu:
– Deyəsən sən də bizdənsən, pələngə oxşayırsan. Bəs niyə bu günə düşmüsən, niyə belə balacalanmısan?
Sarı pişik bir az özünə gəldi, ürəklənib cavab verdi:
– Çünki insan əlinə düşmüşəm.
Pələngin acığı tutdu:
– O insan dediyin necə şeydir ki, səni bu hala salıb? Onu mənə göstər, gör sənin acığını necə çıxacağam!
Elə bu zaman Nəzər kişi çuvalı çiyninə salıb meşəyə çıxmışdı, fındıqdan, qozdan yığmaq fikrində idi. Sarı pişik onu pələngə göstərib:
– Bax, insan odur, gəlir, – dedi və özü ağaca dırmaşdı, yuxarıdan pələnglə Nəzər kişinin davasına tamaşa etmək istədi.
Acığından gözü qızmış pələng Nəzər kişiyə yaxınlaşdı:
– Ey insan, dayan, səninlə davam var! dedi və sarı pişiyi gös-tərdi, niyə bizim həmcinsimizi bu hala salmısan?
Nəzər kişi məsələnin nə yerdə olduğunu o saat başa düşdü. Özünü itirmədi, fənd işlətməyi qərara aldı:
– Neynək, davan var, gəl dava eləyək. Ancaq mən evdən xəbərsiz çıxmışam. Birdən sən mənə qalib gələrsən, meyitimi də götürən olmaz. Qarım yazıqdır, nigaran qalar. Qoy gedim xəbər verim, gəlim, vuruşaq.
Pələng razı oldu:
– Yaxşı, get qarına xəbər ver, amma tez qayıt.
– Qayıtmağına mən qayıdacağam. Ancaq qorxuram, sən məni aldadasan, qoyub qaçasan. Zəhmətim hədər gedə.
Nəzər kişinin bu sözü pələngin kefinə toxundu:
– Boş-boş danışma! Hələ pələngin meydandan qaçdığını görən olmayıb.
– Acığın tutmasın, pələng qardaş. Mən işimi ehtiyatlı görən adamam. Özüm də kasıb kişiyəm, nə vaxtımı, nə də qüvvəmi boş yero sərf eləyə bilmərəm. Mən arxayın olmaq üçün ki, sən qoyub qaçmayacaqsan, gəl zəhmət çək gir bu çuvala otur, məni gözlə, gedim qarıma xəbər verim, qayıdım, çuvaldan çıx, davamızı həll edək.
Pələng razı olub çuvala girdi. Nəzər kişi səliqə ilə çuvalın ağzını bağladı, çomağını götürüb düşdü pələngin üstünə, vur ki, vurasan. Nəzər kişi vurur, pələng çığırırdı. Onun nəriltisinə bütün heyvanlar qaçıb mağarasına girdi, bütün quşlar yuvalarında gizləndi.
Nəzər kişi o qədər döydü ki, özü də yoruldu, pələng də candan düşdü. Çuvalı açıb onu buraxdı:
– İndi get, bir də mənim yolumu kəsmə! dedi və çuvalını çiyninə atıb işinə getdi.
Sarı pişik ağacdan düşdü, zarıldayan pələngin yanına gəldi, yaralarına baxıb:
– Hə, indi bildin ki, insan necə şeydir? – deyib soruşdu.
– Bildim, qardaş, bildim!
– Şükür elə ki, sən onun əlindən bu cür qurtarmısan!
Pələng axsaya-axsaya sürünüb meşənin içində gizləndi.
Sarı pişik evə qayıtdı. Səbirsizliklə Nəzər kişinin meşədən gəlməsini gözlədi. İndi Nəzər kişi onun gözündə bir az da böyümüşdü və çox istəyirdi ki, gəlib başını sığallasın.



