Bu gün Azərbaycanın böyük şairi Məmməd Arazın doğum günüdür. Bu münasibətlə şairin poeziya nümunələrindən bir qismini Fuyuzat.az oxucularına təqdim edirik:
İki səs
Yenə də ağ varaq gərəkdir mənə,
Yazıb-pozduqlarım xoşuma gəlmir.
Neçə söz ələyib, seçsəm də yenə
Qəlbim istəyən söz başıma gəlmir.
Könül sevdiyini sevəsən gərək,
Kiçik bir şer də könül varıdır.
Bu axşam bayırda at çapan külək
Sanki xəyalımın qanadlarıdır.
Ürəyim söz üstə yanır bayaqdan,
Ömrünü şerə ver, şerə qat deyir.
Anamsa dillənib qonşu otaqdan,
Oğul, dincəl, — deyir- oğul, yat-deyir.
Ürəkdən nur alır hər ev, hər ocaq,
Onunmu səsinə qulaq asım mən.
Ana yuxusuna haram qataraq,
Bəs necə düşünüm, necə yazım mən?
Anam bilməyir ki, şair olan kəs,
Odlu söz tapmayır oda yanmasa,
Bir də ki, şairə şair deyilməz
Hamıdan gec yatıb, tez oyanmasa.
Oğul dincliyini axtarır ana,
O bilmir bir dolan buluddur ürək.
Minillik bir yuxu versən də ona,
Yenə boşalmasa dincəlməyəcək.
Ürəyim söz üstə yanır bayaqdan,
Ömrünü şerə ver, şerə qat deyir.
Anamsa dillənib qonşu otaqdan,
– Oğul, dincəl, deyir, – oğul, yat, – deyir.
İki səs şairi çağırır bu dəm,
Necə yuxulayım, necə yazım mən…
Boşal kağız üstə, boşal, ey sinəm,
Qoy iki səsə də qulaq asım mən!
1956
Düşüncələr
Fikirlərim dağınıqdır, dağınıq yaman,
Küləklərə əsir düşən duman kimiyəm.
Min şübhələr, həqiqətlər ünvanı tapan,
Bir ünvanda qərar tutmaz güman kimiyəm.
Elə bil ki, dartır məni yer ayağımdan,
Elə bil ki, hər tükümdən bir daş asılıb.
Hey fikirdir, hey xəyaldır beynimdən yağan,
Yoxsa fikir qucağında qəbrim qazılıb!
Bir xəyanət pərdəsidir ya nədir belə?
Gözlərimin ağı-qara, qarası ağdır.
Məni kimsə qılınclayar dost əlləriylə,
Məni nəsə öz qəlbimdən uçuracaqdır.
Bir sevdadır, bir insandır başımın tacı,
Daş hasarlı ürəklərə girə bilmirəm.
Qandan qaçıb, candan qaçıb, ürəkdən qaçıb
Gözdə gəzən məhəbbəti görə bilmirəm.
Yenə xəyal içindəyəm bir dar otaqda,
Bəlkə mənim “mənsiz keçən” kef-damağım var.
Dağıl, fikrim, nə yaşadım…Hələ qabaqda
Bir ürəyi tufanlara tapşırmağım var…
1965
Qaytar məni
Gönül, bu gün nağıl danış,
Dünənimə qaytar məni.
Ələnməmiş, üyünməmiş
Öz mənimə qaytar məni.
Mamırına dolu yatan
Bir dağ döşü-bir daş otaq…
Nə əl dəyən, nə zəng çatan
Ünvanıma qaytar məni.
Nədir itən, nədir qalan?..
Beş-on sözdür ümid qalam.
Baş aparsam, başsız qallam,
Yüyənimə qaytar məni.
Aramızda tufan yaşar,
Sahillərdən punhan yaşar.
Yaşamağa güman yaşar,
Gümanıma qaytar məni.
1980
Təsəlli
Mənə dar günümdə təsəlli verin,
Yaşaya bilərəm susuz, çörəksiz.
Ölüm ayağında qapımdan girin
Gözləri dolusu ümidlərlə siz.
Sonuncu çağrışı duyanda insan,
Nə çörək, nə də ki, su acı olur.
Bəli, son ayaqda, son anda insan
Yalnız təsəllinin möhtacı olur.
1966
Məni inandırma
Tutarlı söz gəzmə özünü yorub,
Məni bilirsən ki, aldatmaq asan…
Desələr: “Ay səni qonaq çağırıb,
Marsla evlənəcək”, inanasıyam.
Desələr göyləri şum eləyiblər,
Günəşdən su alıb suvaracaqlar;
Vallah, bu yalanı doğru deyiblər,
Vallah, olasıdır bu olacaqlar.
Deyirsən, “qorxum yox qorxularından,
Özünə də yadsan, yadın da mənəm”.
Gözünü yumdunmu yuxularında,
Gözünü açdınmı yanında mənəm.
Dilinin ucundan tökülənləri
Qaytarıb dilinin dibinə əksən,
Bir yarpaq istisi tapsa əllərin,
Bir insan kölgəsi itirəcəksən.
Nə yaxşı çox sözə qəlbim inanır,
Nə yaxşı ürəyim hələ uşaqdır.
Hardasa qəlbimin bir damla qanı
Riyadan, çamırdan, lildən uzaqdır.
Baxma bu dənizə üzü düz kimi,
Çölünü içinə bükən nəhəngdi.
Mən də ilk baxışda o dəniz kimi
Hamarım, tumarım görünəcəkdir.
Düz sözdür dünyada hər şeydən baha
Ocaq halaldırsa, mən yanasıyam.
Yalanı yalana bələmə nahaq,
Onsuz da nə desən inanasıyam…
1982
Təqdim etdi: Günel Natiqqızı



