Xəbərlər

Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Səyavuş Məmmədzadə – 90” adlı ənənəvi kitab sərgisi açılıb

Milli Kitabxanada Əməkdar incəsənət xadimi, şair, nasir, tərcüməçi Səyavuş Məmmədzadənin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar ənənəvi kitab sərgisi açılıb.

“Füyuzat”ın məlumatına görə, bu sərgidə müəllifin əsərləri, tərcümələri, redaktor olduğu və tərtib etdiyi, Ön söz yazdığı nəşrlər və digər kitablar nümayiş olunur.

Səyavuş İmran oğlu Məmmədzadə 1935-ci il oktyabrın 2-də Bakıda müəllim ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə tələbəlik illərindən başlayıb, “Sınıq” adlı ilk şeiri 1956-cı ildə universitet qəzetində dərc olunub. Onun ədəbi fəaliyyətində poeziya, nəsr, publisistika, bədii tərcümə xüsusi yer tutub.

Qeyd edək ki, Səyavuş Məmmədzadə “Əməkdar mədəniyyət işçisi” (1984), “Əməkdar incəsənət xadimi” (2003) fəxri adlarına layiq görülüb və Prezident təqaüdçüsü olub.