Xəbərlər

MİMTA-da ermənilərin törətdikləri soyqırımılarından bəhs edən tədbir keçirilib

Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunda diaspora təşkilatları və ermənilərin törətdikləri soyqırımları barədə tədbir keçirilib.

“Füyuzat”ın məlumatına görə, tədbirdə “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” İctimai Birliyinin prezidenti Tofiq Əli-zadə, MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov, Fondun idarə heyəti və əməkdaşları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir zamanı xaricdəki Azərbaycan diaspora təşkilatlarının fəaliyyəti və son 300 ildə ermənilər tərəfindən Azərbaycanda törədilmiş soyqırımı hadisələri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbiri açılış sözü ilə MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov başlayıb. O, gələn qonaqları salamlayaraq bildirib ki, dəyişən dünyamızda dünya azərbaycanlılarının həmrəyliyi daha aktual məsələyə çevrilib. Vətənimizdən uzaqda olan hər kəs, həmçinin Azərbaycanda yaşayan soydaşlarımız indi daha çox mənəvi bağlar qurmalıdır. Eləcə də birlik-bərabərlik yolunda daha çox işlər görülməlidir.

Daha sonra çıxış edən “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” İctimai Birliyinin prezidenti Tofiq Əli-zadə tədbirin təşkilinə görə təşəkkürünü bildirib və belə tədbirlərin ardıcıl keçirilməsinin vacib olduğunu deyib. O, sözünə davam edərək dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində atdıqları addımlardan, xarici ölkələrə həyata keçirdikləri müxtəlif tədbirlərdən danışıb. T. Əli-zadə əlavə edib ki, bundan sonra da dünya azərbaycanlılarının həmrəyliyi üçün vacib işlər görməyə davam edəcəklər və bütün azərbaycanlıların vahid düşüncədə toplaşmaları üçün çalışacaqlar. O həmçinin ermənilərin tarix boyu etdiyi zülmlərdən, onların türklərə qarşı xüsusi nifrət və kin bəsləməsindən və Azərbaycan xalqına qarşı müxtəlif vaxtlarda həyata keçirdikləri soyqırımılardan bəhs edib. Əli-zadə bildirib ki, bu soyqırımılar təkcə Azərbaycan sərhədləri daxilində qalmayıb, ermənilər fərqli ölkələrdə də azərbaycanlılara qarşı müxtəlif riyakar addımlar atıblar. İctimai Birliyinin prezidenti gənclərə xitab edərək vurğulayıb ki, ermənilərin bu tarixi vəhşiliklərini heç vaxt unutmaq olmaz, həmçinin tariximizin bu qaranlıq səhifələrini yaxşı öyrənmək lazımdır. Əli-zadə həmçinin Birinci Pyotr və digər rus liderləri timsalında Rusiyanın ermənilərə havadarlıq etməsinə, ermənilərin isə onlardan güc alaraq anti-Azərbaycan addımlar atmağa cəsarətlənməsi reallığına toxunub.

Daha sonra auditoriyanın sualları dinlənilib və cavablandırılıb.