Siyasi elmlər doktoru, millət vəkili Rizvan Nəbiyev və iqtisad elmləri doktoru, professor Zahid Məmmədov MİMTA Fondunun qonağı olublar. Görüşdə “Füyuzat” jurnalının məsul redaktoru Samir Ramizoğlu və jurnalın yazarı, “Füyuzat TV”nin aparıcısı Tural İsmayılov iştirak ediblər.
“Füyuzat” xəbər verir ki, görüş çərçivəsində MİMTA Fondunun təsisçiliyi ilə yenidən işıq üzü görən “Füyuzat” və “İşıq” jurnallarının zəngin tarixi ənənələri, bu günü və MİMTA Fondunun strateji hədəfləri əsasında müəyyənləşən gələcək fəaliyyət istiqamətləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Müzakirələrdə jurnalların keçmişdə daşıdığı tarixi missiya ilə müasir dövrün çağırışları arasında qurulan mənəvi körpü əsas mövzu olub.
İştirakçılar düz 100 il sonra hər iki mətbuat orqanının nəşrinin bərpa olunmasını tarixi hadisə adlandırıb, onların maarifçilik missiyasını yeni dövrün tələblərinə uyğun uğurla davam etdirməsini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, vaxtilə milli oyanışa və qadın azadlığı ideyalarına xidmət etmiş bu nəşrlərin MİMTA Fondunun dəstəyi ilə bu gün yenidən oxucularla görüşməsi Azərbaycanın mədəni irsinin təbliğində, milli–mənəvi dəyərlərin qorunmasında və elmi–ictimai fikrin inkişafında mühüm rol oynayır.
Görüş zamanı Rizvan Nəbiyev və Zahid Məmmədov Fondun bu istiqamətdəki fəaliyyətinin elmi və ictimai əhəmiyyətini vurğulayıblar. Qonaqlar jurnalların intellektual potensialının daha da genişləndirilməsi, gənc nəslin maarifləndirilməsinə yönəlmiş fəaliyyətlərin artırılması, həmçinin gələcəkdə birgə elmi–mədəni layihələrin həyata keçirilməsi barədə təklif və tövsiyələrini bölüşüblər. Eyni zamanda, “Füyuzat TV” platformasının imkanlarından istifadə edərək bu dəyərlərin daha geniş auditoriyaya çatdırılmasının vacibliyi qeyd edilib.
Səmimi dialoq və qarşılıqlı əməkdaşlıq formatında keçən görüşün sonunda qonaqlara jurnalların yeni sayları təqdim olunub və xatirə fotosu çəkdirilib.









