Uncategorized Xəbərlər

MİMTA şəhid və qazi ailələrini ziyarət edib – FOTO

Qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun əməkdaşları şəhid və qazi ailələrini ziyarət edərək onlara bayram sovqatı təqdim ediblər.

“Füyuzat”ın məlumatına görə, qazi və şəhid ailələrini həmişə diqqət mərkəzində saxlayan fond bu dəfə də onları unutmayıb. Ziyarət əsnasında şəhid və qazilərimizin vətən, millət qarşısındakı fədakarlığının misilsizliyi vurğulanıb, xalqımızın bu fədakarlığa hər zaman ehtiram və vəfa ilə qarşılıq verəcəyi bildirilib.

MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov bu barədə “Füyuzat”a açıqlamasında bildirib:

“Artıq ənənə halını alan bu fəaliyyətimizlə ölkəmizdə şəhid və qazi ailələrinə göstərilməkdə olan qayğıya biz də öz töhfəmizi verməyə çalışırıq. Fondun bu yardımlaşma kampaniyaları çərçivəsində istəyimiz canlarını ölkəmizin bütövlüyü uğrunda fəda edən vətən övladlarının və onların ailələrinin qarşısında üzərimizə düşən mənəvi borcumuzu, az da olsa, yerinə yetirməkdir. Onlar bu gün olduğu kimi, gələcəkdə də vətənimiz, millətimiz üçün böyük dəyər olaraq qalacaqlar və həmişə ehtiramla yad olunacaqlar”.

Qeyd edək ki, MİMTA Fondu bir neçə ildir ki, ənənə halını almış bu yardımlaşma kampaniyasını ölkəmizdə qeyd olunan müxtəlif bayramlar ərəfəsində davam etdirir.