Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının Qırğızıstanda keçiriləcək iclasında iştirak etməyəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
“Ermənistanın mövqeyi dəyişməyib. İrəvan bu görüşdə iştirak etməyəcək”, – o bildirib.
Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, İrəvan respublikanın suverenliyinə iddia edilən təhdidlərə görə KTMT-dəki iştirakını dondurub. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan daha sonra Varşavada keçirilən beynəlxalq təhlükəsizlik forumunda bildirib ki, ölkə KTMT-dən mümkün çıxma risklərini qiymətləndirir. Öz növbəsində Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova belə bir addımın Ermənistanın təhlükəsizliyini yaxşılaşdırmayacağına diqqət çəkib və əlavə edib ki, İrəvanın təşkilatda tammiqyaslı iştiraka qayıtması vaxt aparacaq.