Xəbərlər

Miyase Sertbarutun “Kitabxanadakı kamera” adlı kitabının təqdimat mərasimi keçirilib

XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Türkiyədən olan yazıçı Miyase Sertbarutun “Kitabxanadakı kamera” kitabının təqdimat mərasimi keçirilib.

“Füyuzat” xəbər verir ki, təqdimatda müəllif balaca kitabsevərlərin suallarını böyük maraqla cavablayıb.

Tədbirdə çıxış edən kitabın müəllifi Miyase Sertbarut “MİMTA Yayımları” ilə bir ildir əməkdaşlıq etdiyini bildirib. O, əsərin Azərbaycanda oxunmasından qürur duyduğunu qeyd edib. Yazıçı vurğulayıb ki, Yuanq Yuanq onun üçün də, uşaqlar üçün də yaşayan obrazdır. Personajın əsas məqsədi oxumağı sevməyən uşaqlara kitabı sevdirməkdir. Müəllif əlavə edib ki, ədəbiyyat dilin yaşamasına və yaşadılmasına töhfə verir.

PR mütəxəssisi Sərxan Rüstəmov əsərin 12 yaşdan yuxarı oxucular üçün nəzərdə tutulmasına baxmayaraq, 10 yaşlı uşaqların da kitaba maraq göstərdiyini bildirib.

“MİMTA Yayımları”nın direktoru Əsəd Aslanoğlu isə kitabın nəşrinin onlar üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, əsərin seçilməsi prosesinin maraqlı keçdiyini və kitabın uşaqlarda mütaliə sevgisi yaratdığını qeyd edib. Həmçinin, Azərbaycan uşaq ədəbiyyatı ilə məşğul olan müəlliflərin bu əsəri oxumasının vacibliyini bildirib. Miyase Sertbarutun digər kitablarının da nəşrini planlaşdırdıqlarını və əsərin daha geniş oxucu kütləsinə çatacağına inandığını söyləyib.

Sonda müəllifin imza saatı keçirilib və xatirə fotoları çəkilib.