Hindistanın Baş naziri Narendra Modi Rusiya prezidenti Vladimir Putinlə aprelin 22-də Cammu və Kəşmir ərazisindəki Pahalqamda törədilən terror aktını müzakirə edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Randhir Caisval “X”də paylaşım edib.
O qeyd edib ki, Rusiya prezidenti Hindistanın Baş nazirinə zəng edərək Pahalqamdakı terror aktını qətiyyətlə pisləyib: “O, günahsız insanların itkisi ilə bağlı dərin hüznlə başsağlığı və terrorizmlə mübarizədə Hindistana hərtərəfli dəstək verib. Putin dəhşətli hücumun səbəbkarları və onların tərəfdarlarının məsuliyyətə cəlb edilməli olduğunu vurğulayıb”.
Caisval bildirib ki, hər iki lider Rusiya və Hindistan arasında xüsusi və imtiyazlı strateji tərəfdaşlığı daha da dərinləşdirməyə sadiq olduqlarını təsdiqləyiblər: “Baş nazir Qələbənin 80 illiyi münasibətilə prezident Putinə salamlarını çatdırıb və onu bu ilin sonunda Hindistanda keçiriləcək illik sammitə dəvət edib”.