2026-cı il 15 may tarixində Müslüm Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin “Musiqi dünyasına səyahət” adlı yekun konsert proqramı baş tutub. İlin yekun konsertində məktəbin şagird və müəllimləri 22 nömrədən ibarət musiqi proqramı ilə çıxış ediblər. Proqram çərçivəsində təqdim olunan musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb. Məktəbin şagirdləri tədbirdə klassik və müasir əsərlər ifa ediblər. Bu da öz növbəsində tədbirə xüsusi rəng qatıb.
“Füyuzat”ın məlumatına görə, tədbirdə tarzən Elşən Tahirovun bədii rəhbərliyi ilə məktəbin xalq çalğı alətləri ansamblı rəngarəng repertuarlarla çıxış edib. Həmçinin məktəbin vokal müəllimi Dimitriy Babayevin şagirdlərinin ifasında möhtəşəm ifalar təqdim olunub.
Konsertin bağlanış nömrəsini pedaqogika üzrə fəlsəfə doktoru peşəkar xormeyster Vüsalə Məmmədovanın rəhbərliyi ilə məktəbin birləşmiş xoru yüksək ustalıqla təqdim edib. Uzun illər pedaqoji və yaradıcılıq fəaliyyəti ilə məşğul olan V.Məmmədovanın əməyi nəticəsində xor kollektivi yüksək səhnə mədəniyyəti, zəngin musiqi duyumu və peşəkar ifaçılıq xüsusiyyətləri ilə tədbir iştirakçılarında xoş təəssüratlar yaradıb. Xor kollektivi konsert proqramında bir-birindən maraqlı nümunələr təqdim edib. İfa olunan musiqilər sırasında xalq mahnıları, bəstəkar əsərləri və vətənpərvərlik ruhunda kompozisiyalar da yer alıb. Proqramda Azərbaycan xalq mahnısı “Sarı gəlin”, A.Borodinin ən əhəmiyyətli əsərlərindən olan “Knyaz İqor” operasından qızların xoru, L.Mehdiyevanın “Bizimdir gələcək” və A.Səmədzadənin “Can Azərbaycan” əsərləri ifa olunub. Onu da qeyd edək ki, ifa zamanı xor kollektivini konsermeysterlər Lalə Mehdiyeva və Nigar Hüseynzadə müşayiət edib.
Tədbirin sonunda musiqi məktəbinin direktoru Gülşən Quliyeva çıxış edərək əsərlərin yüksək səviyyədə təqdim olunmasını müəllim və şagirdlərin birgə əməyinin nəticəsi kimi qiymətləndirib. Gənc istedadların inkişafına göstərilən diqqət və qayğıya görə məktəbin bütün müəllim kollektivinə minnətdarlığını bildirib. Yekun konsert proqramının məktəbin mədəni həyatında əlamətdar hadisə olduğunu vurğulayıb. Həmçinin G.Quliyeva bu cür tədbirlərin şagirdlərin yaradıcılıq potensialının üzə çıxarılmasında və estetik zövqünün formalaşmasında mühüm rol oynadığını da qeyd edib. Eyni zamanda, tədbirin yüksək səviyyədə təşkilinə görə bütün təşkilatçılara təşəkkürünü bildirib.







