Bir müddətdir bəzi suallar məni düşündürür, məntiqimi məşğul edir. Bu suallara sizlərlə – oxucularla bərabər cavab tapmaq istərdim. Arayış nədir? Nəyi arayırıq? Aradıqda tapırıqmı? Aradığımız bizə nə vəd edir və ya onu necə axtarırıq?
Birinci sualla başlayaq: Arayış nədir?
Bu sözün lüğəvi mənası axtarma işi və ya bir şey haqqında şifahi, yaxud yazılı məlumat almaqdır. Maraqlıdır ki, arayışı bir şəxs və ya qurum haqqında bildiklərimizi təsdiq etmək istədikdə tələb edirik. Sanki həmin məlumatın doğruluğunu arayıb sormaq istəyirik.
Fikrimcə, axtarmaq mənasına gələn “arayış” sözü də elə aramaq feilindən əmələ gəlib. Aramaq sözü dilimizdə mövcud olan qədim sözlərdən biridir. Dədəm Qorqud boy boylayıb, soy soylarkən “Gögdə arar, yerdə istər” deyərdi.
Bəs insan nəyi arar?
Bu suala cavab vermək çox çətindir. O qədər cavab var ki, saymaqla bitməz. Çünki bəni-Adəmin gözü heç bir zaman doymur. Yaşından, maddi vəziyyətindən asılı olmadan istəklərinin ardı-arası kəsilmir. Bir ehtiyacı qarşılanarsa belə, digər bir şeyin arayışına cəhd edir. Ümumilikdə nəzər salsaq, görərik ki, insan zaman-zaman doğrunu, inamı, sevgini, dəyəri, işığı, bəzən qaranlığı, uzaqlığı, təkliyi, bəzən birliyi, gözəlliyi, bəzən ucalığı, bəzən rahatlığı, bəzən də sakitliyi axtarır… Bütün bunların timsalında isə, əslində, özünün, özü ilə bərabər həqiqətin arayışındadır…
Axtaran tapar deyib atalarımız. Axtaran mütləq ki bir şey tapar. Yaxşının arayışında olan gözəlliklər, əlvanlıqlarla, əlbət ki, qarşılaşar. Bəs insan nə üçün axtarır? Hər zaman yaxşının axtarışındayıq məgər?
Fani olan bizlər zaman-zaman yaxşı ilə bərabər, pisin də arayışına cəhd edirik. Kiminə görə yanlışın nə olduğunu bilmək, kiminə görə bir səhv olmadığından əmin olmaq, kiminə görə də doğrunun həqiqiliyini təsdiqləmək üçün… mənfinin, yanlışın arayışına cəhd edirik…
Mənfini arayış bizə nə verir? Hər xoşbəxtlikdə bir mənfi cəhət axtarmaq? Bu zaman da axtaran tapırmı? Belə olduqda dünyada görə biləcəyimiz gözəlliklərin də qarşısını buludun göy üzünü qapadığı kimi örtmürükmü? Gözəl anlardan ala biləcəyimiz xoşbəxtliyin qarşısını kəsmirikmi?
Həyatımıza gözəllikləri, yaxşılıqları dəvət etmək üçün gözəl düşünüb yaxşının arayışında olaq. Bəlkə də, bu zaman yaxşı insan olmaq şansını qazanarıq…
Arayış çətindir, arayış uzun bir yoldur… Hər kəsin yola çıxdığı, bəlkə də, bir çoxlarının vara bilmədiyi yoldur arayış… Özünü, ruhunu, kimliyini arayanların yolu çətin və məşəqqətli olar. Bu yolda yaxşılıq yoldaşımız, gözəllik ərməğanımız olsun!