Ədəbiyyat • Xəbərlər

Nikolae Spetaru – Ölümün də, həyatın da eyni qədər haqqı çatır sənə

“Fuyuzat.az” saytı olaraq “həftənin seçilmiş hekayəsi”, “həftənin seçilmiş məqaləsi”, “həftənin seçilmiş şeiri” layihəsində sizləri salamlayırıq, əziz oxucular. Bu dəfə “Həftənin əsəri” nominasiyası üzrə seçilən Səlim Babullaoğlunun tərcüməsində çağdaş rumindilli poeziyanın görkəmli siması Nikolae Spetarunun şeirləridir. Xoş mütaliələr!

Sənin barəndə hər şey məlumdur

Gecənin və gündüzün,
işığın və zülmətin
sərhəddini keçə bilməyən,
əşyalar və varlıqlaq arasında,
fikirlər, nəzəriyyələr və yuxular arasında
ayıq-sayıq qalan,
ey pərvanə,
sən
bədən və ruh,
hə və yox,
varlıq və yoxluq arasındasan,
ölümün də, həyatın da eyni qədər
haqqı çatır sənə.
Sənin barəndə
hər şey məlumdur
və heç nə bəlli deyil,
sən əbədisən
çünki heç vaxt mövcud olmamısan.

Yalnız yuxular

Payızdı (zəhmət olmasa,
ən uyğun sifəti seçin),
qaranlıq otaqda əyləşmişəm,
qapısı, pəncərəsi mismarlanıb.
Yalnız yuxuları görəndə bilirəm ki,
uçuşda quşların ağzını
başqa üfüqlərə,
başqa şəfəqlərə döndərsinlər…

Qızılı payızdır (bu, uyğun gəlir!),
əzizim, hər şey o qədər adidir ki,
sanki yüz il əvvəlki bir an
sonsuza qədər təkrarlanır.

Bir səhra uydura bilərdim

Bir səhra uydura bilərdim:
qızılı qumlarda ürəyim
qanqal tək yalqızdır görərdim,
dəvələr çeynəyir necə də,
baxardım mən ona özgə tək;
bax, belə hər bir şey öləcək…

Qiyamət yenə təxirə salınıb

Bir fincan kofedən o birinə,
bir az idman və
meditasiya.

Siqaret tüstüsü
otağın bir küncündən o birinə yayılır,
sanki sensasiya.

Bizə şəhər gətirirlər sanki
dördkünc qəndlərlə,
kofe fincanına atırıq,
onların qır qazanlarına oxşarlığından
zövq alırıq.

Elə bil təqvimlərdən cırılıb
bu gecə,
yollar yolayrıclarının
quluncunu sındırır gizlicə.

Gecdir,
artıqların yeyilən vaxtıdır.

Ölüm ayağında birinin qulağında dua kimi
səslənir ilk travmayın səsi,
qiyamət yenə
təxirə salınıb.

Təqdim edən: Fidan VAHİD