Növbəti iki gün ərzində Azərbaycanda havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5–8 dərəcə aşağı enəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında sentyabrın 26-sı axşamdan 28-i səhərədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.
Sentyabrın 26-sında günün ikinci yarısından Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 28-i axşamadək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimalı olunur.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.



