Amerika mərkəzli qrafik prosessor tərtibatçısı “Nvidia” proqram təminatı istehsalçısı “Microsoft”u keçərək dünya bazarlarının ən bahalı şirkətlərinin reytinqində birinci pilləyə yüksəlib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TradingView”nun reytinq məlumatlarında bildirilib.
Platformanın məlumatına görə, çərşənbə axşamı reallaşan son ticarət əməliyyatlarının nəticələrinə əsasən, “Nvidia”nın kapitallaşması 3,45 trilyon dollar, Amerikanın NASDAQ birjasında şirkətin qiymətli kağızlarının dəyəri 141,22 dollar (+2,8%) təşkil edib. Eyni zamanda, “Microsoft”un kapitallaşması 3,44 trilyon dollar, NASDAQ-dakı səhmlərinin dəyəri isə 462,97 dollar (+0,22%) təşkil edib. Üçüncü yerdə 3,04 trilyon dollarlıq bazar kapitalı ilə “Apple” qərarlaşıb, onun səhmləri 0,78% artaraq 203,79 dollar olub.
“TradingView”nın reytinqləri bazar kapitallaşmasına əsaslanır və qlobal bazarlarda aparıcı şirkətləri təmsil edir.
Aprel ayında “Bloomberg” yazıb ki, “Nvidia” ABŞ hakimiyyətinin mikroçiplərin Çinə ixracına tətbiq etdiyi məhdudiyyətlər səbəbindən təxminən 5,5 milyard dollar itirə bilər.
“Nvidia” 1993-cü ildə əsası qoyulmuş qrafik prosessorları və digər çipləri inkişaf etdirən ABŞ texnologiya şirkətidir. Onun qərargahı Kaliforniyada yerləşir. Şirkətin süni intellekt, video oyun və avtomobil sənayesində geniş yayılmış tətbiqləri mövcuddur.