Yeni bir araşdırma mikroplastik çirklənmənin təkcə səthdə deyil, okeanın bütün təbəqələrində, o cümlədən Mariana çökəkliyi kimi ən dərin bölgələrdə yayıldığını üzə çıxarıb.
“Füyuzat”ın məlumatına görə, dörd qitənin alimlərinin iştirak etdiyi araşdırmada 2014-2024-cü illər arasında okeanların 1885 fərqli nöqtəsindən nümunələr toplanıb.
Alimlər Sakit Okeanın Mariana çökəkliyində, təxminən 6700 metr dərinlikdə hər kubmetrdə 13500 mikroplastik hissəcik aşkar ediblər. Bu, indiyə qədər sənədləşdirilmiş ən dərin mikroplastik çirklənmədir.
Qeyd edək ki, mikroplastiklər təkcə ekoloji problem deyil, artan ictimai sağlamlıq təhlükəsidir. Çinin Zhejiang Kənd Təsərrüfatı və Meşəçilik Universiteti tərəfindən aparılan bir araşdırma insan orqanlarında mikroplastiklərin aşkar edildiyini və uşaqlıq boynu xərçəngi, lezyonlar kimi sağlamlıq problemlərinə gətirib çıxaracağını bildirib.