Argentinalı yazar Xorxe Lui Borxes ədəbiyyatda sonsuz redaktəyə inananlardandır, özü də yazdığı dünyaca məşhur əsərlərini dönə-dönə redaktə prosesinə cəlb etmiş, mükəmməliyyətliklə cilalamışdır. Amma bu proses təkcə yazı üzərində baş vermir, həm də əsərin mövzusu da illər uzunu fərqli-fərqli yozumlarla bütöv millətin təzahüründə bir şair və ya yazar əli ilə dəyişimlərə məruz qala bilir. Məsələn, elə dərd motivi… Əsl poeziyanın ayrılmaz parçası hesab edilən bu mövzunun sərhədləri hər əsrdə, hər şairdə başqa-başqadır. XVI əsr Şərq filosofu Məhəmməd Füzuli onun tərifini belə ifadə edir: “Dərd şairliyin əsas sərmayəsidir”.
Vətən ağrısı, həsrət yanğısı, bivəfalıq sancısı ilə yüklənən şeirin Şəhriyarı da bu mövzunu özünə və taleyinə məxsus çalarlarla zənginləşdirərək dünya şöhrətli vahid Azərbaycan şairi kamilliyinə ucala bilmişdir… Məhəmmədhüseyn Behcəti Təbrizi 1906-cı ilin baharında Azərbaycanın ərənlər yurdu olan Təbriz şəhərinin Bağmeşə bölgəsində, şeir və musiqini çox sevən ziyalı bir ailədə dünyaya göz açmışdır. “Uşaqlıqda alim atasının hüzurundan istifadə edərək “Gülüstan” oxumaqla ibtidai təhsili ondan almışdı. Elə həmin dövrdə Xacənin divanı ilə yaxından ülfət bağladı. “Füyuzat” və “Müttəhidə” məktəblərində orta təhsilini başa çatdırdıqdan sonra 1921-ci ildə Tehrana gedib “Darülfunun”da təhsilini davam etdirdi. 1924-cü ildə Tibb məktəbinə daxil oldu. Bu fakültədə beş il təhsil ilə məşğul oldu. Lakin həkimlik, xüsusilə cərrahlıqla təbiətən və ruhən uyuşa bilməməsi onu tibbi təhsildən uzaqlaşdırır” (Şəhrizad Behcət). O, uşaqlığını, məktəbli çağlarını Heydərbaba dağının ətəklərində, saf təbiətin xoş rayihəsində keçirmişdir.
Heç təsadüfi deyil ki, bu ecazkar gözəlliklər daim şairin “gözlərinin rəfində” asılı qalmış, birbaşa yaradıcılığının canına, qanına hopmuşdur. O, ilk şeirini hələ dörd yaşında olarkən yazmışdır. Özünə Şəhriyar təxəllüsü götürən Məhəmmədhüseyn Behcəti az zamanda poeziyanın şəhriyarı olur. Böyük əksəriyyət tərəfindən şairin adı kimi bilinən “Şəhriyar” təxəllüsünü qəbul etməsinin çox maraqlı bir səbəbi var. Məhəmmədhüseyn Təbrizi gənc dövrlərindən etibarən Şərq klassiklərini, xüsusən də Hafizi mütaliə etməyi çox sevərdi, hətta müəyyən şeirlərində ondan təsirlənmələr də olmuşdur. Bir təxəllüs tapmaq üçün də Hafizin divanından iki dəfə kitab falı açır. Birinci cəhddə “Gedərəm öz şəhrimə şəhriyar olaraq” qəzəli gəlir. İkinci dəfə isə “Çərxi-fələk bu dövlət sikkəsini şəhriyarın adına vurdu” qəzəli gəlir. Beləcə, “Şəhriyar” təxəllüsünü Hafizin divanından çıxarır…
Fidan Vahid