Xəbərlər

Orban: ABŞ-dan gələn xarici yardım Macarıstan hökumətini devirmək üçün istifadə edilib

“Prezident Donald Trampın təfərrüatlarını açıqlamaq qərarına gəldiyi ABŞ-ın xarici yardımı adlanan vəsait digər ölkələrdə, o cümlədən Macarıstanda bəzi qüvvələr üçün arzuolunmaz hökumətləri devirmək üçün istifadə edilib”.

“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

“ABŞ prezidenti son illərdə müxtəlif dövlət qurumları tərəfindən kimə və nə qədər pul ayrıldığını açıqlamaq qərarına gəlib. Məlum olub ki, liberal qlobal elita bütün dünyada Amerikanın iştirakı ilə öz maliyyə və ideoloji məqsədlərinə çatmaq üçün ABŞ büdcəsindən və hökumətindən istifadə edib”, – Orban “Facebook” səhifəsində yazıb.

“Bu, yardım olmalı idi, amma əslində bu, yardımdan çox siyasi təsir vasitəsi idi. Onlar bir tərəfdən Soros fondlarından, digər tərəfdən isə ABŞ-ın rəsmi dövlət büdcəsindən pul alırdılar. Bu pulu cəmiyyətin məhvinə, miqrasiyanın təşviqinə, ailə institutu ilə mübarizəyə və dünyada gender dəliliyinə qarşı tədbirləri maliyyələşdirmək üçün istifadə edirdilər”, – Baş nazir izah edib.

Onun sözlərinə görə, pullar müxalifət mediasına və QHT-lərə gedib. “Bütün bu kimi hallar solların hakimiyyətini gücləndirdi. Onlar hamısı bu pulları hökumətləri devirmək məqsədi ilə alıblar. Həmçinin Macarıstanda da. Müxalifət partiyalarını gücləndirmək və Macarıstan hökumətini devirmək üçün milyonlar ayrılıb”, – Orban yekunlaşdırıb.

O, əvvəllər söz vermişdi ki, Macarıstan hökuməti xarici maliyyənin öz ölkəsində siyasi məqsədlər üçün istifadəsinə icazə verməyəcək və bu qaydaları pozan, mahiyyətcə xarici agent olan şəxslərə qarşı tədbir görəcək. Orban Tramp administrasiyasının xarici yardım proqramlarını maliyyələşdirən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətini dayandırmaq qərarını da alqışlayıb.