Xəbərlər

Prezidentin Sərəncamı ilə təltif olunan xalçaçılara medalları təqdim edilib

Azərbaycanda xalçaçılıq sənətinin inkişafındakı səmərəli fəaliyyətlərinə görə “Azərxalça” ASC-nin 18 toxucusu və mütəxəssis heyəti Cəmiyyətin yaranmasının 10 illik yubileyi münasibətilə mükafata layiq görülüb. Prezident İlham Əliyev mayın 4-də Azərbaycan xalçaçılarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. İyunun 5-də xalçaçılara “Tərəqqi” medalları təqdim olunub.

“Füyuzat” xəbər verir ki, “Azərxalça” ASC-dən  verilən məlumata görə, mükafatçılar sırasında Cəmiyyətin Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən 11 emalatxanasında çalışan toxucu qadınlar çoxluq təşkil edir.

“Azərxalça” Azərbaycanda region qadınlarının işlə təmin olunması və sosiallaşmasında aparıcı rol oynayan ən böyük qurumlardan biridir. Səhmdar Cəmiyyətin fəaliyyəti milli xalçaçılıq irsinin qorunması ilə yanaşı, birbaşa qadın əməyinin dəstəklənməsinə yönəlib.

Tədbirdə çıxış edən “Azərxalça” ASC İdarə heyətinin sədri, Əməkdar İncəsənət xadimi Emin Məmmədov bildirib ki, müəssisənin müxtəlif bölgələrində fəaliyyət göstərən 11 emalatxanasında yüzlərlə toxucu qadın çalışır. Bu qadınların böyük qismi kənd yerlərində yaşayan və əvvəllər rəsmi iş yeri olmayan xanımlardır. O qeyd edib ki, emalatxanalarda yaşı 18-dən 80-ə qədər olan müxtəlif nəsillərin nümayəndələrinin birgə fəaliyyət göstərməsinə şərait yaradılır.

“Dünyanın çoxsaylı ölkələrində keçirilən beynəlxalq sərgilərdə Azərbaycan xalçaları ilə yanaşı, onları toxuyan region qadınlarının hekayələri və əməyi də xüsusi olaraq işıqlandırılır. “Azərxalça” ASC-nin istehsalı olan, alınan hər bir əl işi xalça birbaşa regionda yaşayan ən azı bir toxucu qadının büdcəsinə və onun müstəqil fərd kimi güclənməsinə töhfə verir”, – deyə E. Məmmədov qeyd edib.

Onun sözlərinə görə, “Azərxalça” ASC-də çalışan toxucu qadınların əməyinin yüksək səviyyədə qiymətləndirilməsi Azərbaycan qadınına verilən dəyərin bariz nümunəsidir. “Buna görə də Prezident İlham Əliyevə xüsusi minnətdarlığımızı çatdıraraq qeyd edirik ki, Azərbaycanın çoxəsrlik milli xalçaçılıq sənətinin qorunması, inkişafı və beynəlxalq miqyasda tanıdılması istiqamətində həyata keçirilən misilsiz xidmətlər hər bir xalçaçının qəlbində dərin minnətdarlıq hissi doğurur. Həmçinin xalçaçılığın inkişafına, Azərbaycan xalçasının UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi və dünyanın ən nüfuzlu muzeylərində layiqincə nümayiş olunması istiqamətində verdiyi dəstəyə görə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya da xüsusi təşəkkürümüzü bildiririk”, – deyə o əlavə edib.

Çıxışlardan sonra medallar xalçaçılara təqdim olunub.