Mədinə Məcidli Xəbərlər

Qapalı dünyalar: insanlardan gizlədilən və qorunan məkanların səbəbi

Dünya xəritəsi ilk baxışda sərhədsiz və kəşf olunmağa açıq bir məkan kimi görünür, lakin reallıqda elə yerlər var ki, onlar ya təhlükəli olduqları, ya da qorunmalı olduqları üçün insanlara bağlanıb və bu məkanlar tarix, elm, təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıyır. Qadağalar sadəcə marağı məhdudlaşdırmaq üçün yox, daha böyük məqsədlər – insan həyatını qorumaq, təbiəti və tarixi irsi saxlamaq, həmçinin gələcək nəsillər üçün riskləri minimuma endirmək üçün tətbiq olunur.

ABŞ-ın Nevada ştatında yerləşən “Sahə 51” uzun illər gizli hərbi baza kimi fəaliyyət göstərib və burada sınaqdan keçirilən texnologiyalar səbəbilə əraziyə giriş qəti qadağandır. Məkanın ətrafında dolaşan yadplanetli iddiaları daha çox mif olsa da, əsl səbəb milli təhlükəsizlik və hərbi sirrlərin qorunmasıdır. ABŞ-də yerləşən digər ərazi – Fort Knox dünyanın ən ciddi qorunan xəzinələrindən biridir və burada saxlanılan qızıl ehtiyatları ölkənin iqtisadi dayaqlarından biri hesab olunur, buna görə də bu yerə daxil olmaq demək olar ki, mümkünsüzdür.

Dünyada bəzi ərazilər isə insanlardan çox təbiətin öz təhlükələri səbəbilə qorunur. Braziliyada yerləşən “İlan adası” (Ilha da Queimada Grande), zəhərli ilanların sıxlığına görə dünyanın ən təhlükəli yerlərindən biri sayılır və burada insanın sağ qalma ehtimalı yoxdur. Hind okeanında yerləşən “Şimali Sentinel adası” (North Sentinel Island) isə müasir dünyadan tam təcrid olunmuş tayfanın yaşadığı ərazidir və burada əsas məqsəd yerli əhalini, kənardan gələnləri qorumaqdır, çünki bu tayfa xarici əlaqəni qəbul etmir və aqressiv reaksiya verir.

Bəzi qapalı məkanlar isə insanın yaratdığı texnogen fəlakətlərin nəticəsidir və bu səbəbdən təhlükəli zonalara çevrilib. Ukraynada yerləşən “Çernobilin dördüncü reaktoru” və onun ətrafındakı “Çernobil İstisna zonası” 1986-cı ildə baş verən Çernobil fəlakəti nəticəsində uzun müddət yaşayış üçün yararsız hala düşüb. Burada yaranan və “Fil ayağı” kimi tanınan (Elephant’s Foot) isə radiasiyanın ən təhlükəli formalarından birini təmsil edir və bu obyektə yaxınlaşmaq belə uzun illər ölümcül risk hesab olunurdu. Yaponiyada yerləşən “Fukuşima Daiçi atom elektrik stansiyası” (Fukushima Daiichi Nuclear Power Plant) də oxşar şəkildə 2011-ci ildə baş verən Fukuşima fəlakəti nəticəsində qapalı zona elan edilmişdir və bu ərazilər insanın texnologiya üzərində nəzarəti itirdiyi zaman yaranan təhlükələri açıq şəkildə göstərir.

Digər tərəfdən, bəzi yerlər qoruma məqsədilə insanlardan uzaq saxlanılır və onların dəyəri təhlükədən yox, içində saxladıqları mirasdan qaynaqlanır. Fransadakı “Lasko mağarası” (Lascaux Cave) minilliklər əvvələ aid mağara rəsmlərini qorumaq üçün bağlanıb, çünki insan nəfəsi belə rəsmlərə zərər verə bilir. Eyni ölkədə yerləşən “Paris yeraltı qəbiristanlığı” (Paris Catacombs) isə milyonlarla insanın qalıqlarını ehtiva edən yeraltı labirintdir və onun böyük hissəsi təhlükəli olduğuna görə ziyarətə qapalıdır.

Finlandiyada yerləşən “Onkalo istifadə olunmuş nüvə yanacağı anbarı” (Onkalo spent nuclear fuel repository) isə minlərlə il təhlükəli qalacaq nüvə tullantılarını təhlükəsiz şəkildə saxlamaq üçün inşa edilib və bu obyekt insanlığın gələcəyini qorumağa yönəlmiş ən ciddi layihələrdən biri hesab olunur.

Hazırladı: Mədinə Məcidli