Xəbərlər

“Qəhrəmanlıq salnaməsi” kitabının təqdimat mərasimi

Fevralın 25-də LIBRAFF kitab evinin Gənclik Mall filialında Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun 8 Noyabr “Zəfər Günü” münasibəti ilə təşkil etdiyi “Qəhrəmanlıq salnaməsi” yazı müsabiqəsinin toplusu ictimaiyyətə təqdim edilib. Tədbirdə ictimai xadimlər, ziyalılar, müsabiqə iştirakçıları, şəhid ailələri, qazilər və oxucular iştirak ediblər.

Bildirilib ki, “Qəhrəmanlıq salnaməsi” müsabiqəsinin keçirilməsi, eləcə də müsabiqəyə təqdim olunan seçilmiş yazıların nəşri şəhid və qazilərimizə, onların ailələrinə vəfanın, ehtiramın ifadəsidir. Kitabda toplanan məqalə, esse və hekayələrdə təqdim olunan qürurverici qəhrəmanlıq nümunələri gələcək nəsillərə Vətən yolunda fədakarlığın parlaq örnəklərini yadigar qoyacaq.

Müsabiqənin təşkilatçısı MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov çıxış edərək bildirdi ki: “Fond fəaliyyət göstərdiyi 17 ildən artıq müddət ərzində milli vətənpərvərlik ideyasını təbliğ edən çoxsaylı müsabiqələr təşkil edib. “Qəhrəmanlıq salnaməsi” yazı müsabiqəsi bunlar arasında xüsusi ilə fərqlənir. Bu vaxta qədər biz bu tədbirləri qələbəyə ümidi qorumaq yolunda keçirirdiksə, bu gün artıq qalib ökənin vətəndaşları kimi təşkil edirik. Vətən yolunda şəhid olan qəhrəmanlarımızı xatırlamaq nə qədər hüznlüdürsə, bir o qədər qürurvericidir. Çünki şəhid və qazilərimiz bizə parlaq bir zəfər əmanət qoydular. Biz bu qələbəni sarsılmaz Dövlət–Xalq–Ordu birliyi ilə qazanmışıq. Vətən müharibəsi bu birliyin nə qədər önəmli olduğunu bizə açıq şəkildə göstərdi”.

Daha sonra tədbirdə çıxış edənlər – “Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunus, MİMTAYayımlarının direktoru Əsəd Aslanoğlu, Vətən müharibəsi iştrakçısı, jurnalist İsmayıl Yaşaroğlu, ilahiyyatçı-yazar Ağa Hacıbəyli, müsabiqə qalibləri, həmçinin şəhid ailələri və qazilər belə fədakarlıq nümunələrinin geniş kütlə arasında tanınması məqsədilə təşkil olunan müsabiqəni yüksək qiymətləndirdilər. Qeyd olundu ki, belə tədbirlərin keçirilməsi həm şəhid və qazilərimizə ehtiramın nümunəsidir, həm də gənc nəsilə Vətən sevgisinin, fədakarlıq ruhunun aşılanması baxımından təqdirəlayiqdir.

Qeyd edək ki, ümumilikdə 235 müəllifin qatıldığı müsabiqəyə təqdim edilən yazılar münsiflər heyəti tərəfindən anonim şəkildə qiymətləndirilib. İlk 3 yeri tutmuş iştirakçı qalib seçilib və əlavə olaraq 3 iştirakçı isə həvəsləndirici yerə layiq görülüb. 90-a yaxın yazı nümunəsi seçilərək toplu şəklində nəşr olunub. Tədbirdə yazısı topluya daxil edilən müəlliflərə “Qəhrəmanlıq salnaməsi” toplusu hədiyyə edilib.