Bakı Ekspo Mərkəzində keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində şair, esseist, tərcüməçi Qismət Rüstəmovun tərtib etdiyi“Sarı kəpənəklərin işığı” “İspandilli hekayələr antologiyası” kitabının təqdimat mərasimi keçirilib.
“Füyuzat” xəbər verir ki, təqdimat mərasimində yazarın qələm dostları və oxucular iştirak ediblər.
Kitabın tərtibçisi Qismət Rüstəmov antologiyada ispandilli ölkələri təmsil edən 12 ölkədən 30 müəllifin hekayələrinin yer aldığını diqqətə çatdırıb. O bildirib ki, bütün hekayələr orijinaldan tərcümə olunub və nəşrdə xronoloji ardıcıllıq gözlənilib. Topluda ispandilli ədəbiyyatın klasikləri ilə yanaşı, gənc müəlliflərin də əsərləri əhatə olunub. Q.Rüstəmov belə antologiyaların həm klassikanı, həm də geniş auditoriyaya hələ tanış olmayan yeni imzaları tanıtmaq baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Kitabın ərsəyə gəlməsində əməyi olan “MİMTA Yayımları” rəhbərliyinə, redaktor və dizayner heyətinə təşəkkürünü bildirib.
“MİMTA Yayımları”nın direktoru Əsəd Aslanoğlu çıxışında nəşrin oxucular üçün faydalı bir mənbə olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan oxucusunun fərqli ölkələrin və mədəniyyətlərin ədəbiyyatı ilə tanış olması böyük önəm daşıyır. Ə.Aslanoğlunun sözlərinə görə, bu nəşr yalnız ədəbi nümunələrlə tanışlıq deyil, eyni zamanda müxtəlif xalqların psixologiyasını, dünyagörüşünü və mədəniyyətini dərk etmək imkanı yaradır. O, kitabın uğurlu olacağına və geniş oxucu kütləsinin marağını qazanacağına əminliyini ifadə edib.
Qeyd edək ki, kitab Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun təsisçiliyi ilə ərsəyə gələn “MİMTA Yayımları”nda nəşrə hazırlanıb.






