“Qiyamət anbarı” adlandırılan layihə, əslində, “Qlobal Toxum Anbarı” kimi tanınır və burada dünyanın müxtəlif bölgələrindən toplanmış bütün bitki toxumları qorunur. Məlumatlara görə, dünyanın ən varlı şəxslərindən biri olan Bill Qeyts də daxil olmaqla bir çox iri maliyyə imkanına sahib insanlar illərdir Norveçdə dağın altında yerləşən bu cür anbarların yaradılmasına dəstək veriblər. Layihənin əsası 1983–cü ildə qoyulub və məqsəd hər hansı qlobal fəlakət baş verərsə, həyatın yenidən bərpasına imkan yaratmaqdır. Bu baxımdan, anbar simvolik olaraq “Nuhun gəmisi” ilə müqayisə edilir. Rəvayətə görə, Nuh peyğəmbər böyük tufan zamanı hər canlı növündən bir cüt götürərək yer üzündə həyatın davamını təmin etmişdi.
Skandinaviya yarımadasında, Norveçin şimal hissəsində yerləşən Şpitsbergen adasında buzlaqlarla əhatələnmiş bir dağın təxminən 130 metr dərinliyində tikilən “Svalbard Qlobal Toxum Anbarı” 2008–ci ilin martından fəaliyyət göstərir. Təxminən 9 milyon dollar dəyərində olan bu obyekt xüsusi möhkəmliyi ilə seçilir və hətta nüvə təsirlərinə davam gətirə biləcək şəkildə inşa edilib. Burada dünyanın müxtəlif ölkələrindən gətirilmiş milyonlarla toxum nümunəsi saxlanılır və onların sayı təxminən 4 milyon civarındadır.

Layihənin əsas məqsədi nüvə müharibəsi, iqlim dəyişiklikləri və digər qlobal fəlakətlərdən sonra bitki örtüyünün yenidən bərpasını təmin etməkdir. Dünyanın təxminən yüz ölkəsində mövcud olan bitki gen banklarında toplanan toxumlar bu böyük ehtiyat mərkəzinə göndərilir. “Qiyamət anbarı” kimi də tanınan bu sistem 4,5 milyon toxum nümunəsini saxlamaq gücünə malikdir və burada meyvə, tərəvəz və taxıl daxil olmaqla müxtəlif bitki növləri qorunur.
Şimal Qütbünə təxminən 1000 kilometr məsafədə yerləşən bu mərkəz BMT–nin Qida və Əkinçilik Təşkilatı və digər beynəlxalq qurumların əməkdaşlığı ilə Norveç hökuməti tərəfindən idarə olunur. Anbarda temperatur -18 dərəcəyə qədər endirilir ki, bu da toxumların çox uzun illər, hətta min ilə qədər qorunmasına imkan yaradır.
Qlobal məhsul müxtəlifliyi mərkəzinin rəhbəri Cary Fowler bu layihənin əhəmiyyətini vurğulayaraq bildirir ki, əkinçilikdə genetik müxtəlifliyin qorunması gələcək qida təhlükəsizliyi üçün həyati rol oynayır. Onun sözlərinə görə, iqlim dəyişikliyi, xəstəliklər, zərərvericilər və quraqlıq kimi risklər qarşısında kənd təsərrüfatının davamlılığı üçün bu cür ehtiyatlar mütləqdir.
Layihə müxtəlif ölkələrin dövlət fondları və beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilir, illik xərclər yüz minlərlə dollar civarındadır. Bill və Melinda Qeyts Fondu da xüsusilə inkişaf etməkdə olan regionlarda kənd təsərrüfatının dəstəklənməsi və toxumların daşınması kimi sahələrə töhfə verir. Bununla belə, bəzi araşdırmaçılar və jurnalistlər bu layihəyə tənqidi yanaşır və onun arxasında fərqli geosiyasi və iqtisadi məqsədlərin ola biləcəyini iddia edirlər. Lakin ümumi yanaşma ondan ibarətdir ki, bu təşəbbüs qlobal istiləşmə və ekoloji risklərin artdığı bir dövrdə bioloji müxtəlifliyin qorunması üçün mühüm addım hesab olunur.
Hazırladı: Mədinə Məcidli



