Dizayner Rəsul Həsənin Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun təsisçiliyi ilə ərsəyə gələn “MİMTA Yayımları”nda nəşrə hazırlanan “Ə” hərfi” kitabının təqdimatı keçirilib.
“Füyuzat” xəbər verir ki, tədbirdə yazarın qələm dostları, ziyalılar və oxucular iştirak ediblər.
Tədbirdə çıxış edən kreativ direktor və kopirayter Teymur Məmmədov son zamanlarda kitabın cəmiyyət üçün əhəmiyyətinin artmasını qeyd edərək bunu yüksək qiymətləndirib. Kitabların ixtisaslaşmış sahələr üzrə yerli təcrübə və araşdırmalar əsasında ortaya çıxmasının qürur doğurduğunu bildirib. Bu baxımdan “Ə” kitabının mövzusunun özünəməxsusluğu və aktuallığı ilə seçildiyini vurğulayıb. Kitabın dizaynının da məzmunla vəhdət təşkil edərək nəşrin təqdimatına xüsusi dəyər qatdığını qeyd edib. Həmçinin nəşrin müxtəlif sahələr üzrə mütəxəssislər və geniş oxucu auditoriyası üçün faydalı mənbə olacağını diqqətə çatdırıb.
Kitabın müəllifi Rəsul Həsən nəşrin ərsəyə gəlməsi, ideyası və üzərində aparılan araşdırmalar barədə danışıb. O, kitab vasitəsilə “Ə” hərfinin tarixi inkişaf yolunu, dilimizdəki yerini və özünəməxsus xüsusiyyətlərini oxuculara təqdim etməyi qarşısına məqsəd qoyduğunu bildirib. Kitabın həm qrafik dizaynerlər, həm də dilçilər üçün əhəmiyyətli olacağına inamını ifadə edib.
Digər çıxışçılar da nəşrin elmi, mədəni və tarixi əhəmiyyətindən bəhs ediblər. “Ə” hərfinin Azərbaycan dili və milli kimlik baxımından daşıdığı məna və dəyərə diqqət çəkiblər.Təqdimat zamanı kitabın mövzusu ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Ə” hərfinin tarixi yolundan bəhs edən kitab dizaynla maraqlanan şəxslər, tədqiqatçılar, dilçilər, tarixçilər, jurnalistlər, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.















