“Birləşmiş Ştatlar Soyuq Müharibədən sonrakı dövrdə istehsal gücündən könüllü olaraq imtina edərək özünü potensial rəqiblərdən, o cümlədən Çindən asılı vəziyyətə saldı”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Marko Rubio “American Compass” qeyri-hökumət beyin mərkəzinin təşkil etdiyi konfransda deyib.
Onun sözlərinə görə, ABŞ-da Sovet İttifaqının dağılmasından sonra “iqtisadi məsələlərdə dövlət suverenliyi əhəmiyyət kəsb etməyəcək” və “müəyyən malların harada istehsal olunduğunun əhəmiyyəti olmayacaq” fikri üstünlük təşkil edirdi. Rubio hesab edir ki, həmin dövrlərdə ABŞ-da “istehsalın başqa ölkələrə ötürülməsi tamamilə normal” hesab edilib.
“Lakin bunun nəticəsi ölkəmizin istehsal gücünü itirməsi oldu. Baş verənlər iqtisadiyyata zərər verdi və iş yerlərinin itirilməsinə səbəb oldu. Həmçinin milli təhlükəsizliyimizi çox əhəmiyyətli şəkildə pozan məhsul istehsal etmək qabiliyyətimizi də əlimizdən aldı”, – ABŞ dövlət katibi qeyd edib.
“İndi illər boyu laqeydlik, sənaye potensialının itirilməsi ilə biz nəinki cəmiyyətə ziyan vurduq, nəinki iqtisadiyyata ziyan vurduq, həm də dünyadakı mövqeyimizi sarsıtdıq. Açığı, çinlilər son 25-30 ildə bazarı ələ keçirdilər”, – dövlət katibi əlavə edib.