Xəbərlər

SABAH İncəsənət Festivalının açılışı olub

İyulun 1-də Müasir İncəsənət Muzeyində SABAH İncəsənət Festivalının açılış mərasimi keçirilib.

“Füyuzat” xəbər verir ki, festival SABAH qrupları layihəsinin incəsənət istiqamətləri üzrə təhsil alan tələbələrin yaradıcılıq nailiyyətlərini nümayiş etdirmək, gənclər arasında təhsilə və yaradıcılığa marağı artırmaq, habelə ictimaiyyəti ali təhsildə əldə olunan uğurlarla tanış etmək məqsədi daşıyır.

Açılış mərasimində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, ali təhsil müəssisələrinin rəhbər və əməkdaşları, incəsənət ictimaiyyətinin nümayəndələri, rəssamlar və digər qonaqlarla yanaşı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev və Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, tarix elmləri doktoru, professor Cəfər Məmmədov da iştirak ediblər.

Festivalın ilk təqdimatlarından biri olaraq Azərbaycan Rəssamlıq Akademiyasının SABAH tələbələrinin dizayn və dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgisi təşkil edilib. Sərgidə tələbələrin hazırladıqları bədii xalça, bədii keramika və şüşə, bədii metal, bədii toxuculuq, dekorativ rəngkarlıq nümunələri, həmçinin müxtəlif dizayn işləri təqdim edilib.

Açılış proqramı çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH tələbələrinin ifasında “Rəssam, sevgilimin şəklini gəl çək” adlı bədii kompozisiya təqdim olunub.

Daha sonra Azərbaycan Rəssamlıq Akademiyasının SABAH qrupları tələbələrinin hazırladıqları geyimlərdən ibarət dəfilə nümayiş etdirilib. Dəfilədə tələbələrin moda dizaynı sahəsində hazırladıqları yaradıcı işlər təqdim olunub. Nümayiş zamanı gənc dizaynerlərin fərdi yanaşması, müxtəlif materiallardan istifadə bacarığı, forma və rəng həllərində tətbiq etdikləri müasir üslub diqqət çəkib.

Qeyd edək ki, Azərbaycan Rəssamlıq Akademiyasının SABAH tələbələrinin əl işlərindən ibarət sərgi iyulun 3-dək Müasir İncəsənət Muzeyində davam edəcək və bütün ziyarətçilər üçün açıq olacaq.

SABAH İncəsənət Festivalı incəsənətin müxtəlif istiqamətlərində təhsil alan gənclərin yaradıcılıq imkanlarının nümayiş etdirilməsi, onların peşəkar inkişafının dəstəklənməsi və gələcəyin yaradıcı mütəxəssislərinin tanıdılması məqsədi daşıyır.