Şahmatın tarixi insan ağlının, strateji düşüncənin və taleyin simvolik hekayəsidir. Qədim mənbələrə görə Hindistanda yaranmış və “çaturanga” adlanmışdı və zamanla Fars və ərəb dünyasına yayılaraq bugünkü şahmat formasını almışdı. Hər gediş bir qərarı hər qərar isə bir taleyi dəyişir.
Məşhur İran şairi Firdovsi özünün ölməz əsəri “Şahnamə”də şahmatın mənşəyini belə təsvir edir: Hindistanda bir kraliçanın Gev və Talhand adlı iki oğlu var idi. İki qardaş böyüdükdə taxt–tac uğrunda mübarizə apardılar. Lakin bir-birlərini çox sevdikləri üçün ordularına sərt bir əmr verdilər:
“Döyüş, amma qardaşımın canına toxunma!” Döyüşün sonunda kiçik qardaş Talhand filləri və ordusu ilə mühasirəyə alınır. Onun qaçacaq yeri yoxdur. Qardaşına heç bir zərər gəlməsini istəməyən Gev döyüşü dayandırır. Lakin Talhanda çatanda acı həqiqətlə qarşılaşırlar: heç yara almadığı halda, susuzluqdan, yorğunluqdan və mühasirənin yaratdığı kədərdən filinin üzərində ölüb. Ana kiçik oğlunun ölümündə böyük oğlu Gevi günahlandırır. Gev nə qədər “Mən ona zərər verməmişəm…” desə də, ananı razı sala bilmir. Nəhayət, ölkənin alimləri müdaxilə edir. Anaya Talhandın “mühasirədə olduğu və hərəkət edə bilmədiyi”, heç bir zərbə almadan öldüyünü sübut etmək üçün bir lövhə hazırlayırlar. Onlar ağacdan filləri, atları və piyadaları yonub fil sümüyündən hazırlanmış lövhəyə düzürlər. Bu oyun şahmatdır!
Ana lövhəyə baxır, parçaları tərpədir və böyük oğlunun günahsız olduğunu anlayır: kiçik oğlu lövhənin tam ortasında ilişib qalıb.
Və “ Şah–mat” oldu.
Şahnaməyə görə, kədərli ana günlərlə şahmat taxtasından ayrılmaz və oğlunun ölümündən sonra kədərini şahmat oynamaqla dindirərdi.
Şahmat sadəcə bir oyundur, yoxsa həyatın özüdür?
Hazırladı: Mədinə Məcidli



