Füyuzat 140 Sübhan Talıblı

Salyan soyqırımı

Böyük dövlətlər zaman-zaman Osmanlı dövləti və Türkiyə Respublikasına, Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Respublikasına qarşı “erməni kartı” və “erməni amili”ndən məharətlə istifadə ediblər. Tarixi faktlar, mənbələr, sənədlər sübut edir ki, ermənilərin Cənubi Qafqazda, o cümlədən də tarixi Azərbaycan ərazilərində məskunlaşdırılması Rusiyanın hazırladığı strateji plana uyğun olaraq XIX əsrin əvvəllərindən başlanıb. “Dənizdən-dənizə böyük Ermənistan” və ya “Qara dənizdən Xəzər dənizinə kimi böyük Ermənistan” yaradılması kimi əsassız iddialar irəli sürən, ilk növbədə, türk və müsəlman xalqlarının məhvinə yönəldilmiş “ermənilik” ideyasını yayan məhz “Daşnaksütyun” partiyası olub. Bu ideyanın gerçəkləşdirilməsi üçün ermənilər kütləvi qırğınlar, qətliamlar, terror aktları, soyqırımı, etnik təmizləmə və s. həyata keçiriblər.

Qeyd edək ki, 1918-ci ildə ermənilər və onları dəstəkləyən beynəlxalq güclərin hərtərəfli dəstəyi ilə Bakı, Quba, Şamaxı, Şərqi Anadolu, Naxçıxan, Zəngəzur, İrəvan, Salyan, Neftçala, Lənkəran, Göyçay, Güney Azərbaycanın Xoy, Salmas, Urmiya bölgələrinin şəhər, qəsəbə, kəndlərində və digər bölgələrdə soyqırımı törətmişdilər.

Erməni-daşnak quldur dəstələri 1918-ci ilin iyun ayında Bakıdan 2 zirehli, 4 nəqliyyat gəmisi ilə Xəzər dənizi vasitəsilə Kür çayının mənsəbinə gəlib çatmışdılar. Sənədlərdə gəmilərin adları “Krasno­vodsk”, “Yelets”, “İraq”, “Bakinets”, “Salyanets”, “Demosfen” kimi qeyd olunur. Gəmilər Kür çayına keçmiş və erməni-daşnak quldurları çayın ətrafında olan kəndlərə hücum edərək əhalinin mal-mülklərini qarət etmiş, insanları vəhşicəsinə qətlə yetirmişdilər. Erməni-daşnak quldur dəstələri və silahlı birləşmələri Neftçalanın Bankə, Seyidlər, Uzunbabalı, Tatarməhəllə, Xıllı, Abasallı, Qaralı, Qəzvinli, Qarabucaq, Surra, Ərəbbəbirxanlı, Cəngən, Kür Qaraqaşlı kəndlərinə hücum edərək qarət, soyğunçuluq, vəhşicəsinə qətliam və soyqırımı törətmişlər (Talıblı S.Ə. “1918-ci il Neftçala soyqırımı”, “Füyuzat” jurnalı, №2 (136), 2024, s. 46–52).

Mehman Süleymanov Salyan döyüşü haqqında yazır ki, “Göyçay ətrafında döyüşlər cərəyan etdiyi vaxt Kür çayı boyunca, Salyan yaxınlığında da bolşevik-daşnak qoşunları ilə türk-Azərbaycan qoşun bölmələri arasında döyüş baş verdi…