Füyuzat 140 Ülviyyə Rəhman

“Füyuzat” məcmuəsinin kiprli yazarı Əhməd Raiq

“Füyuzat” məcmuəsinin 1906-cı ildə dərc edilən 1-ci sayında “Müsahibeyi-ədəbiyyə” başlıqlı məqalədə Çindən Ağ dənizə qədər olan ərazini əhatə edə biləcək ümumi bir dil və ədəbiyyat ərsəyə gətirməyin əhəmiyyətli olduğu qeyd edilmişdi: “Tövhidi-lisan ilə həp milli, sırf türk malı parlaq bir ədəbiyyat… hüdudi-Çindən Ağ dənizə qədər bütün türklərin şükufeyi-ruhi olacaq bir ədəbiyyati-qərra vücudə gətirilməsi zamanı gəlmişdir. Bunun üçün də Osmanlı, Krım, Qafqaz, Kazan, Mavəraünnəhr, ilax. türklərinin mətbuat vasitəsilə bir təmasi-daimiyi-fikri halında bulunması… yekdigərinin təkəmmülat və tərəqqiyati-lisaniyyəsini təqib etməsi əlzəmdir…” Bu sözlər “Füyuzat”ın Kiprdən olan yazarı Əhməd Raiq bəyə məxsusdur.

Əhməd Raiq bəy dünyanın dörd bir yanında yaşayan türklərin vahid bir ədəbi dil ətrafında toplanmasının qardaş xalqların bir-birini əlavə vasitələr olmadan anlaması, onlar arasında axıcı ünsiyyətin qurulması üçün əhəmiyyətli olduğunu vurğulayaraq yazır: “…lisani-əvam, heç bir vəqtdə lisani-ədəblə bir olamaz. Ələl­ümum əhli-qələm tərəfindən bulunmuş bir lisan vardır ki, iştə türklərin “lisani-ədəbi”si odur!”

Müəllifin eyniadlı məqaləsinin II hissəsi də məhz dərginin II sayında yayımlanıb. Məqalədə Osmanlı ədiblərindən Tofiq Fikrətin ərəb-fars sözlərindən uzaq, təmiz türk dilində bir neçə mənzuməsi də oxuculara təqdim edilib. Dərginin 11-ci sayında dərc edilən “Müsahibeyi ədəbiyyə – imlamız haqqında” məqaləsində isə müəllif dili bir olan xalqların yazısının müxtəlifliyini türklər üçün nöqsan olaraq görür: “İmlaca qaydasızlıq lisanımız üçün böyük nöqsandır”. Problemin həlli üçün ilk addım olaraq “sonra”, “onlar” kimi bəzi sözlərin bütün türk dillərində ortaq yazılmasını məqsədəuyğun hesab edir.

Əhməd Raiqin “Füyuzat”ın 7-ci sayında Herbert Spenserdən “Tərbiyə və əhvali-ictimaiyyə”, 9-cu sayında Lord Bayrondan “Təmaşayi-təbiət”, 30-cu sayında Con Vilyam Draperdən “Avropanın inkişafati-fikriyyəsi” tərcümələri, 14-cü sayında “Vətəni-cüda” mənsur şeiri dərc edilmişdir.

Ədib Azərbaycanda təkcə “Füyuzat” dərgisi ilə deyil, eyni zamanda “Həyat” qəzeti ilə də sıx əlaqədə olmuş, Ləfkoşalı Əhməd Raiq və Müsəvvidzadə imzalarıyla bu mətbu orqanlarda dərc edilmişdir. Bəs kimdir Əhməd Raiq?..