Əli Ağaoğlu Füyuzat 140

Kimdir Yəhuda İskaryot?

Dinlər tarixində ən çox müzakirə mövzusu olmuş şəxslərdən biri də, heç şübhəsiz, Yəhuda İskaryotdur. Milliyyətcə yəhudi olan Yəhuda İskaryot bizim eranın I əsrində Hz. İsa (ə) ilə eyni dövrdə yaşamış və bu gün mövcud olan 4 “İncil” əlyazmasının (Markus, Matta, Luka, Yohanna) hər birində peyğəmbərin 12 həvarisindən biri kimi göstərilmişdir. Yəhuda İskaryot Avropadakı bəzi mühüm portretlərdə, divar rəsmlərində təsvir edilmiş şəxs kimi də məşhurdur. Həmin portretlərdə Hz. İsa (ə) ilə birlikdə baş rolu bölüşən Yəhuda İskaryot gah sonuncu şam yeməyini tərk edərkən, gah da dodaqları Hz. İsa (ə) yanaqlarında olarkən təsvir edilmişdir.

“İncil”in mövcud olan bütün nümunələrində Yəhuda İskaryot Hz. İsaya (ə) xəyanət edən, onu baş kahinlərin göndərdiyi əsgərlərə istinad verərək həbs edilməsinə və sonra çarmıxa çəkilməsinə bais olmuş həvari kimi göstərilmişdir.

Hz. İsa (ə) Qüdsdə təbliğata başlayarkən təkcə bütpərəst romalılar deyil, eyni zamanda təkallahlılığa inanan yəhudilərin böyük əksəriyyəti də onu peyğəmbər kimi qəbul etmədilər. Onlar Hz. İsanın (ə) təbiətcə mülayim olduğunu, Hz. Musanın (ə) şəriətini dəstəkləyəcəyi xəbəri verilən elçinin daha sərt təbiətli olması gərəkdiyini bəhanə gətirərək onu qəbul etmədilər. Hz. Musanın (ə) şəriətini dəstəkləyən Hz. İsa (ə) şəriəti öz mənfəətlərinə uyğun şəklə salmış yəhudilərlə də ciddi fikir ayrılıqları yaşamış, onları açıq-aşkar ifşa etmişdir. Hz. İsanın (ə) Məscidül-Əqsada şəriətlə qadağan edildiyi halda, sələmçiliklə məşğul olan yəhudiləri qovması onların qəzəbini daha da alovlandırdı. Belə ki, Hz. İsa barəsində həmin dövrdə Qüdsdə olan Roma valisi Pantius Platusa şikayət etdilər. Vali Hz. İsa (ə) ilə şəxsən görüşüb qarşılıqlı söhbət etdikdən sonra onun yəhudilərin dediyi kimi biri olmadığı qənaətinə gəldi və cəzalandırılması üçün hər hansı bir əsas görmədi. Bundan hiddətlənən yəhudilər Hz. İsanın (ə) “Yəhudi kralı” olmaq niyyətinə dair böhtan xarakterli şikayətlə Platusa müraciət etdilər. Hadisələrin gedişatının irəlidə onun əleyhinə çevirilməsindən narahat olan Platus bu əməlin siyasi bir cinayət olduğunu və dövlətçiliyi ciddi təhlükə altına aldığını nəzərə alaraq bundan əvvəlki hadisədə olduğu kimi, soyuqqanlılığını qoruya bilmədi və Hz. İsanın (ə) həbs edilməsi barədə göstəriş verdi…