Bir yolçuluq, arayış hekayəsi, Adəm oğlunun ruhuna səslənişdir bu film. “Babi-Əziz: ruhunu seyr edən şahzadə” insanı özünüdərkə, anlam arayışına, varacağı yolun həqiqət axtarışına, doğum ilə ölüm arasındakı səyahəti düşünməyə vadar edir. Bu film hər kəsin özünü, daxilindəki xəzinəsini axtarmağına yardımçı olan bir hekayədir, daha doğrusu, bir-birini tamamlayan, iç-içə və hər biri dərin mənalar ehtiva edən hekayələrdən ibarətdir. İtirdiyimiz bizi yenidən özümüzə xatırlatmağa və qaytarmağa vəsilə olur. Susuz çöldə Leylasının intizarında olan dərvişin Allaha doğru uzanan yolu… Dərvişin qayəsi Onu taparaq qəlbinin sükunətinə, hüzuruna qovuşmaqdır. Filmdə gözləri görməsə də, qəlb gözü ilə vüslətə çatdığını seyr edən dərvişin təslimiyyət yolu nəfis şəkildə təqdim edilir. Hər şeyi öyrənməyə maraq göstərən balaca qızla qoca dərvişin yolçuluq hekayəsi sizi düşünməyə, həyatı sorğulamağa vadar edəcək.
Filmin adının mənası müxtəlif versiyalarda “Əziz qapı”, “Baba Əziz”, “Əziz baba” şəklində sətri tərcümə olunsa da, dəqiq qarşılığını dilimizdə ifadə etmək çətindir. “Babi-Əziz” filmində eyniadlı qoca dərviş və həyat dolu nəvəsi İştar çöldə 30 ildə bir həyata keçən dərviş yığıncağına getmək üçün yola düşürlər. Bilmədikləri yolda ucsuz-bucaqsız kainatı xatırladan qızmar qumların ortasında yeganə yol göstəriciləri onların inanclarıdır. Yol boyunca babanın nəvəsinə danışdığı və rastlaşdıqları insanların başına gələn əhvalatlar filmin ana xətti üzrə inkişaf edir. Hər hekayə bir-birinə xidmət edir…