Xəbərlər

Səbinə Əliyeva COP31-də Beynəlxalq Dialoq və Əməkdaşlıq Platformasının yaradılmasını təklif edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva COP31-də Beynəlxalq Dialoq və Əməkdaşlıq Platformasının yaradılmasını təklif edib.

“Füyuzat” xəbər verir ki, bu barədə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, ombudsman bu təkliflə Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində iqlim dəyişmələri və insan hüquqları mövzusuna həsr olunmuş tədbirdə çıxış edib.

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva iştirak edərək çıxış edib.

Çıxışında ombudsman iqlim dəyişmələrinin insan hüquqlarına təsirlərindən, sağlam və təhlükəsiz ətraf mühit hüququnun təmin edilməsində milli insan hüquqları təsisatlarının rolundan bəhs edib.

O, Ermənistanın işğal dövründə Azərbaycan ərazilərinin ətraf mühitinə, flora və faunasına vurduğu zərərə, nadir bitki növlərinin məhv edilməsinə, təbii ekosistemlərin dağıdılmasına və geniş ərazilərin minalarla çirkləndirilməsinin ağır nəticələrinə diqqət çəkib.

Qeyd edib ki, bu əməllər yalnız ekoloji fəsadlar yaratmayıb, eyni zamanda, insanların həyat və sağlamlığı, təhlükəsizliyi və fundamental hüquqları üçün ciddi təhdidlər formalaşdırıb. Bu halların beynəlxalq hüquq çərçivəsində, o cümlədən ekosid kontekstində hüquqi qiymətləndirilməsinin vacibliyini vurğulayıb.

Ombudsman, həmçinin Ermənistan ərazisində yerləşən Metsamor Atom Elektrik Stansiyasının istismarının yaratdığı potensial ekoloji və radioloji təhlükələrlə bağlı narahatlığını ifadə edərək, bu risklərin regionun ətraf mühiti və əhalinin sağlamlığı baxımından ciddi diqqət tələb etdiyini vurğulayıb.

Ombudsman mina təhlükəsinin bu gün də davam etdiyini xüsusi qeyd edərək, işğaldan azad edilmiş Azərbaycan ərazilərinin hələ də minalarla çirkləndiyini, mina terrorunun insan həyatı üçün real təhlükə olaraq qaldığını bildirib. İkinci Qarabağ müharibəsindən indiyədək 420-dən çox şəxsin mina qurbanına çevrildiyini diqqətə çatdırıb. Minaların keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıdışına və bölgədə aparılan bərpa-quruculuq işlərinə ciddi maneə yaratdığını qeyd edərək, humanitar minatəmizləmə fəaliyyətlərinə beynəlxalq dəstəyin artırılmasının zəruriliyini vurğulayıb.

Çıxış zamanı COP29 çərçivəsində Bakıda keçirilmiş Ombudsmanların Beynəlxalq Forumunun nəticələrinə və qəbul edilmiş Bakı Bəyannaməsinin əhəmiyyətinə də toxunulub. İqlim dəyişmələri və insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, Bəyannamənin müddəalarının praktikada həyata keçirilməsi məqsədilə Beynəlxalq Dialoq və Əməkdaşlıq Platformasının yaradılması təşəbbüsü irəli sürülüb.

Səfər çərçivəsində ombudsman COP31-in keçirildiyi məkanda müxtəlif ölkələrin pavilyonlarını ziyarət edib, onların fəaliyyəti, iqlim dəyişmələri ilə mübarizə istiqamətində həyata keçirilən təşəbbüslər və təqdim olunan layihələrlə tanış olub.