Xəbərlər

Səfir: Rusiya və ABŞ yaxın vaxtlarda Moskvada danışıqlar aparacaq

Rusiya və ABŞ ikitərəfli diplomatik münasibətlərdəki anlaşmazlıqların aradan qaldırılması ilə bağlı məsləhətləşmələrin İstanbuldan iki ölkənin öz paytaxtlarına köçürülməsi barədə ilkin qərar qəbul ediblər və belə danışıqların yeni raundu çox yaxın vaxtlarda Moskvada keçiriləcək.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyev bildirib.

“Mən bildirdim ki, Rusiya–Amerika münasibətlərinin bərpasına hələ çox vaxt var və prosesin özü ağır gedir. Təkcə “dərin dövlət” timsalında Ağ Evin əleyhdarları deyil, həm də sabit anti-Rusiya lobbisinin formalaşdığı Konqresdəki bəzi şəxslər tərəfindən ləngidilir. Bununla belə, əhəmiyyətlidir ki, irəliyə doğru addım atılır və artıq danışıqların iki ölkənin öz paytaxtlarında keçirilməsi barədə razılıq əldə olunub. Təsdiq edə bilərəm ki, nümayəndə heyətlərinin növbəti danışıqları çox yaxın vaxtlarda Moskvada baş tutacaq”, – deyə səfir əlavə edib.