Elçin Bilaloğlu Füyuzat 125 Kültür-sənət

Sevən insan pozitiv olur

İnsan sevgi ilə yaşamalı, sevgi ilə əhatə olunmalıdır. Əks halda sevgisiz yaşayan insan qəddarlaşır, ətrafa düşmən gözü ilə baxır, dağıdıcı bir qüvvəyə çevrilir. Əslində, insanı digər canlılardan fərqləndirən ən mühüm xüsusiyyət də elə sevgidir, sevməkdir. Fikir versəniz, heyvanlarda sevgi instinkt üzərində qurulub. Ancaq insani sevgidə instinkt olsa da, hörmət, qayğı, himayə etmək var və bu, şüurlu şəkildə baş verir. Heyvan da himayə edir, amma onda bu, şüursuz, instinktiv baş verir.

Uğur qazanan bütün insanlar böyük sevgiyə sahib olublar. Onlar sevgi uğrunda karyera qurublar, həyatda uğur əldə ediblər. Ola bilsin ki, bəziləri uğursuz sevgi yaşasın, amma bu hiss onlar üçün yaxşı motivasiya rolunda olub. Bütün bunlar onu göstərir ki, sevgi hər bir insanın həyatında çox önəmlidir.

Sevən insan pozitiv olur. Sevgi hissi yaşamayanlar isə ünsiyyətdən qaçır, qaraqabaq, qapalı olur, onlarda həyatdan şikayət etmək kimi neqativ hallar daha tez-tez baş verir. Amma sevən adamlar hər şeyə pozitiv yanaşır. Ona görə də sevgi hissini inkişaf etdirmək lazımdır. Söhbət yalnız qadın-kişi sevgisindən getmir. Fikrimizcə, insan adi bir əşyanı, təbiəti, gözəlliyi sevməklə həyatdan zövq ala, ətrafındakılara qarşı hər zaman pozitiv ola bilər.

Son dövrdə cəmiyyətdə baş verənlər insanların sevgidən uzaq düşdüyünü söyləməyə əsas verir. Belə olmasaydı, bu qədər intihar və qətllər baş verməzdi. Amma bəzi başqa məqamlar da var.

Çox da uzaq olmayan sovetlər dönəmində də ara-sıra intihar xəbəri eşidirdik. Lakin onu intihar kimi qəbul etmirdik, yaxud qəbul etmək istəmirdik. Çünki həmin illərdə hadisəyə siyasi, ideoloji nöqteyi-nəzərdən qiymət verilirdi. O nöqteyi-nəzər isə intiharı psixi xəstəlik, xroniki alkoqolizm zəminli patologiya və ya ehtiyatsızlıq zəminində baş verən bədbəxt hadisə kimi dəyərləndirirdi. Bəli, ideologiya öz üzərinə düşən işi görürdü. Çünki sosializm cəmiyyətində “intihar ola bilməzdi”. İndi də bəzən intihar hadisəsi cəmiyyətdən gizli saxlanılması məqsədilə “yatıb-durmadı” kimi təqdim edilir. Hadisənin intihar olmasını isə ailənin ən yaxınları bilir. Şübhəsiz, son qeyd etdiyimiz istisnadır. Axı informasiya əsrində yaşayırıq. Bəzən kiçik bir hadisə olur, amma olmayan məsələlər qabardılaraq böyük bir hadisə kimi ifadələrlə təqdim edilir. Bəzən bədbəxt hadisənin özü belə, intihar kimi cəmiyyətə çatdırılır. Bu da, öz növbəsində, bir çox psixoloji narahatlıqların,  ümidsizliyin, neqativ əhval-ruhiyyənin və s. yaranmasına gətirib çıxarır.

Müşahidələr göstərir ki, bu gün intiharların bir qismi təqlid xarakteri daşıyır. Diqqət etsək, görərik ki, qısa zaman kəsiyində eyni məkanda, yaxud eyni formada silsilə intiharlar baş verir. Prosesin özü bir növ təqliddir. Yüz illərdir ki, intihar hadisələri araşdırılıb tədqiq olunsa da, onunla bağlı konkret bir qənaətə gəlinməyib. Hər bir tədqiqatçı intiharın bir aspektini tədqiq edib. Bu isə müxtəlif  fikirlər, fərqli yanaşmalar ortaya çıxarır. Bəzən intiharı insanı həyata bağlayan məqsəd, maraq instinktinin tükənməsi kimi dəyərləndirirlər. Əslində, insanda həyata maraq instinktinin ölməsi səbəb yox, nəticədir. Bura bir çox məqamlar təsir göstərə bilər. Mütəxəssislər buraya psixi xəstəliklər sırasında yer alan depressiyanı, bipolyar affektiv pozuntunu, yaşlanma qorxusunu, alkoqol psixozu, hallüsinasiya, yaxud hipoxondrik sindromu və s. daxil edirlər. Əlbəttə, yuxarıda sadaladığımız və sadalaya bilmədiyimiz bütün hallar intihar prosesinə təsir göstərir. Bizə görə isə ən böyük səbəb insanın içində sabaha olan ümidin ölməsidir. Amma unutmayaq ki, yaşadığımız dünyada, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, problemsiz insan yoxdur.

Son dövrdə daha çox yeniyetmələrin intihar faktı ilə rastlaşırıq. Bu məsələdə ailələrin və məktəbin üzərinə xüsusi bir yük düşür. Uşağın və ya yeniyetmənin həyatı dərindən dərk etməsi üçün fərdi yanaşma olmalıdır. Hər kəsin öz çapında problemləri, qayğıları olur. Ancaq hamı intihar etmir. Yaşamaq eşqi ölmək eşqindən üstündür. Pessimizmə qarşı mübarizəni gücləndirmək lazımdır. Yanaşma dəyişməlidir. Ölməyi yox, yaşamağı gözə almaq lazımdır!

Təəssüf ki, bizim şifahi və yazılı ədəbiyyatda “sənin üçün ölümə gedərəm”, yaxud “ölərəm sənin üçün”, “həyat mənasızdır” və s. fikirlərə tez-tez rast gəlinir. Həyatının çətin dönəmlərində bu fikirlərə söykənərək ömrünə son qoyanlar da az deyil. Çünki insanın oxuduqları, yaxud eşitdikləri onun təhtəlşüurunda böyük iz buraxır.

Bəzi məsələlərdə düşüncə və yanaşma tərzimizi dəyişməyimiz gərəkdir. Qənaətimizə görə, bu kimi hallar mətbuatda yayımlanarkən həssaslıq göstərmək, cəmiyyətə təsiri xüsusi olaraq diqqətə alınmalıdır.

Sözügedən problemlə bağlı müvafiq qurumlar maarifləndirici, sosial videoçarxlar hazırlamalı, sosial şəbəkələrdə və televiziyalarda yayımlanması təmin edilməlidir. Amma təəssüf ki, bu kimi maarifləndirmə hallarına tez-tez rast gəlinmir. Əgər maarifləndirmə işləri gücləndirilsə, bu sahədə təbliğata daha çox və geniş yer ayrılsa, intihar hadisələri də çoxalmaz, yaxud baş verməz. Və cəmiyyətdə gələcəyin psixoloji baxımdan daha güclü, eyni zamanda daha sağlam fərdləri yetişər.