Bu günə qədər sirri açılmamış, məlum olmayan dildə və əlifbada yazılmış kitab – Voyniç əlyazması.
Bu kitabda istifadə olunan əlifbanı oxumaq üçün dilçilər uzun müddət çalışmalar aparsalar da, yazılanları oxumaq bu günə qədər mümkün olmamışdır. Kitabın 1450–1520-ci illər arasında yazıldığı güman edilir. Əlyazmanın eni 15 sm uzunluğu isə 22 sm-dir. Səhifələrinin sayı 240 olsa da, 30-a yaxın səhifənin cırıldığı məlumdur. Buradakı yazılar soldan sağa yazılıb. Kitabın “Voyniç” adlandırılması 1812-ci ildə onu köhnə bukinistdən almış Vilfred Voyniçin adı ilə bağlıdır. XX əsrin ortalarında kitabın Voyniç tərəfindən yazıldığı iddia olunurdu. Ancaq aparılmış laborator araşdırmaları kitabın ən azı XV–XVI əsrə aid olduğunu sübut etmişdir.
Voyniç əlyazmasında diqqəti cəlb edən ən önəmli məsələlərdən biri də kitabda çəkilmiş şəkillərdir. Şəkillərdə günəş, ay, ulduzlar, həm real, həm də fantastik bitki şəkilləri, bürclər və qadınlar təsvir olunmuşdur.
Şəkillərə əsasən, kitabın astronomiya sahəsində yazılıdığı və bu səhədə ətraflı məlumatların verildiyi məlum olur. Voyniç əlyazması, yüz ilə yaxındır ki, alimlər tərəfindən öyrənilir. Dilçilər, kriptoqraflar, tarixçilər və digər peşə sahiblərinin birgə apardığı araşdırmalar heç bir nəticə verməmişdir. Kitabla bağlı olan iddialardan biri orada istifadə olunan işarələrin heç bir məna ifadə etməməsidir. Müxtəlif sıralanma əsasında yazılan kitabı oxumağın mümkün olmadığı fikri uzun müddət səslənmişdir. Lakin aparılan araşdırmalar sübut etmişdir ki, kitabda yazılan cümlələr, işarələr toplusu dünya elminə məlum olmayan dilə aiddir.
Əlyazma ilə bağlı araşdırma aparan şəxslərə Villiyam Friedman, həmçinin NSA-nın kriptoqraflarını misal göstərə bilərik. Onlar əlyazmanın sirrini açmağa çalışsalar da, bu sahədə uğursuz oldular. 2018-ci ildə isə Kondrak və Hauer adlı şəxslər süni intellekt ilə buradakı yazıların qədim ivrit dilinə oxşar olduğunu söylədilər, lakin bu fakt da hələ ki təsdiq olunmayıb.
Bu əlyazma Yel Universitetinin Beinecke Nadir Kitab və Əlyazma kitabxanasında saxlanılır. Kitabın yüksək keyfiyyətli rəqəmsal nüsxəsi fəaliyyətdədir. Bu sayədə milyonlarla istifadəçi kitabı skan edərək araşdırır.
Ləman Vahid